Kaspi Təhsil Şirkəti koronavirusla mübarizəni diqqətdə saxlayır
COVİD-19 koronavirus pandemiyasının yayılmasının qarşısını almaq və virusla mübarizə məqsədilə Kaspi Təhsil Şirkətinə daxil olan müəssisələrdə sanitar-epidemioloji qaydalara sistemli şəkildə riayət olunur. Şirkətin bütün təhsil ocaqlarında Nazirlər Kabineti yanında Operativ Qərərgahın təhsil müəssisələrinə tətbiq etdiyi qərarlara və Təhsil Nazirliyinin təlimatlarına tam əməl edilir. Təhsil müəssisələrinin hər birində gündəlik dezinfeksiya işləri aparılır. Sanitar-gigiyenik tədbirlər zamanı binalar daxildən və xaricdən dezinfeksiya olunur. Belə ki, sinif otaqları, idman zalları, inzibati otaqlar, sanitar qovşaqlar, kitabxana, yeməkxana və digər köməkçi qurğularda dezinfeksiya işləri həyata keçirilir. Dərs fasilələrində və dərslərdən sonra sinif otaqlarındakı masaların üstü, qapıların dəstəyi xüsusi məhlullarla təmizlənir və növbəti günə və dərs həftəsinə hazırlıq görülür. Sinif otaqlarında sosial məsafəni gözləməklə partaların düzülüşü həyata keçirilib, məktəbə gələn şagirdlərin və müəllimlərin hərarəti girişdə yoxlanılır.

Təhsil müəssisələrinin hər birində dəhlizlərin divarlarına COVID-19 pandemiyası ilə əlaqədar davranış qaydaları ilə bağlı posterlər vurulub. Müəllimlər təhsilalanlara şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri barədə mütəmadi məlumatlar verirlər. Həmçinin məktəblilərə koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinif otaqlarını və məktəbi təmiz saxlamaları ilə bağlı tövsiyələr verilir.
.jpg)
Qeyd edək ki, sanitar-epidemioloji tədbirlər karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim- tərbiyə prosesinin təşkili zamanı müəllim və şagirdlərin sağlamlığının qorunması məqsədi daşıyır.
Kaspi Təhsil Şirkəti sanitar-epidemioloji qaydalara həssaslıqla riayət etməklə bütün əməkdaşlarının, təhsilverənlərin və təhsilalanların sağlamlıq və təhlükəsizliyini ciddi nəzarətdə saxlayır.