Kaspi Uşaq Bağçası yeni tədris ilinə start verdi
Yeddi aylıq fasilədən sonra uşaq bağçaları fəaliyyətini bərpa etdi. Kaspi Təhsil Şirkətinin Kaspi Uşaq Bağçası da qapılarını balaca fidanların üzünə açdı.
Xatırladaq ki, koronavirus (COVİD – 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkəmizin ərazisində yerləşən bütün təhsil müəssisələrində 2020-ci ilin mart ayının 3-dən tədris, təlim-tərbiyə prosesi dayandırılmışdı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının açılmasına icazə verilib.
Kaspi bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi ilə bağlı şərtlərə tam əməl olunub. Tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər qaydalara uyğun həyata keçirilib.
Bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılıb, oyun, yataq, yemək, sanitar qovşağı və digər otaqlar xüsusi qaydalarla təşkil olunub, divarlardan təlimatlar asılıb. Bağçaların binaları xaricdən və daxildən dezinfeksiya edilib, sosial məsafənin saxlanması qaydalarına əməl olunub. Qapıların girişində uşaqların hərarəti ölçülür, ciddi həkim nəzarəti həyata keçirilir, qidalanmaya xüsusi fikir verilir.
Qeyd edək ki, uşaqlarda təhsilə maraq oyatmaq, müstəqil düşünmək və problem həll etmək vərdişləri aşılamaq, onların hisslərinin və həyati bacarıqlarının formalaşmasına təsir göstərmək Kaspi bağçalarının fəaliyyətinin əsas məqsədidir.
Hazırda “Kaspi” Təhsil Şirkətinin tərkibində Kaspi Uşaq Bağçası Ağ Şəhər filialı, Bakıxanov filialı, Əhmədli filialı, Kaspi Beynəlxalq Uşaq Bağçası, Sumqayıt filialı, Gənclik filialı fəaliyyət göstərir. Bağçalarda tədris Azərbaycan, rus və ingilis bölmələri üzrə həyata keçirilir.
Kaspi Uşaq Bağçasına qeydiyyat davam edir.