NƏŞRLƏRİMİZ

"İngilis dili. Test bankı. Qrammatika."

"İngilis dili. Test bankı. Qrammatika."

Əziz abituriyentlər! Hörmətli müəllimlər və valideynlər!
Sizə Kaspi Təhsil Şirkətinin növbəti test bankı təqdim olunur. Bu “İngilis dili” fənni üzrə test toplusudur. Qeyd edək ki, Kaspi Təhsil Şirkətinin Abituriyent hazırlığını bu illər ərzində minlərlə abituriyent bitirərək, yüksək ballarla arzuladıqları ali təhsil müəssisələrinə qəbul olmuşlar. Uğurumuzun əsas səbəblərindən biri kimi onu göstərə bilərik ki, Kaspi Təhsil Mərkəzilərində proqramların tədrisi prosesində ən maraqlı və özünü doğruldan layihələrə üstünlük verilir. Belə ki, Kaspi Təhsil Şirkətinin rəhbərliyi mərkəzin müəllimləri ilə yanaşı, Respublikamızın dərslik sahəsində böyük təcrübəyə malik olan alimləri ilə birlikdə, abituriyentlərin səmərəli hazırlığını təmin etmək məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları çap edərək ictimaiyyətin istifadəsinə vermişdir. 
“İngilis dili. Test bankı. Qrammatika.” adlı bu test bankı Dövlət İmtahan Mərkəzinin (DİM) ingilis dili fənni ilə bağlı çap etdiyi proqramı tam əhatə edir. Vəsaitin yazılması zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün çap etdiyi “İngilis dili” dərsliklərində öz əksini tapmış qrammatik və leksik metariallara istinad edilmişdir. Eyni zamanda, ingilis dilinin öyrədilməsi və öyrənilməsi ilə bağlı, qrammatika üzrə bilik və bacarıqlarının formalaşdırılması, inkişaf etdirilməsi və qiymətləndirilməsi ilə bağlı beynəlxalq proqramlar və dərsliklərdən - Kembric, Oksford universitetlərinin nəşrlərindən, eləcə də Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Türkiyə və Rusiyada çap olunmuş müxtəlif ingilis dili tədris vəsaitlərindən, çoxlu sayda elektron resurslardan -  internet resurslarından da istifadə olunmuşdur. Test bankı hazırlanarkən ölkəmizdə təhsil sahəsində qəbul olunan yeni qərarlara və dəyişikliklərə uyğun olaraq, dərsliklərdəki, tədris və qəbul proqramlarındakı bütün yenilik və dəyişikliklər nəzərə alınmış, Yeni Tədris Proqramı – “Milli Kurikulum”un bütün standartlarına və tələblərinə riayət olunmuşdur. Test bankındakı test tapşırıq nümunələri Buraxılış imtahanınının (9-cu sinif şagirdləri üçün) və Qəbul imtahanının I mərhələsinin (10-cu və 11-ci sinif şagirdləri, eləcə də əvvəlki illərin məzunları üçün) proqramına daxil edilmiş mövzular üzrə öz əksini tapmışdır və burada müxtəlif tipli test nümunələri cəmlənmişdir.
Test bankında şagird və abituriyentlərin dil bilgisini, qrammatik biliklərini yoxlamaq və qiymətləndirmək üçün ingilis dilinin qrammatikası mövzuları – Morfologiya və Sintaksis bölmələri üzrə çoxsaylı test nümunələri toplanmışdır. Test bankında mövzular üzrə - “The Noun” 252 test, “The Quantifiers” 150 test, “The Articles” 230 test, “The Numeral” 65 test, “The Pronouns” 375 test, “The Adjectives” 120 test, “The Adverbs” 250 test, “The Prepositions” 200 test, “The Tense forms: The Sequence of Tenses” 458 test, “There is... / It is...” 75 test, “The Modal Verbs” 220 test, “The Passive Voice” 220 test, “The Types of Simple sentences” 240 test, “The Particles” 100 test, “The Verb Patterns” 150 test, “The Complex Object” 100 test, “The Conjunctions” 120 test, “The Composite Sentences” 105 test, “The Subject-Predicate Agrreement” 115 test, “The Indirect Speech” 400 test, “The Inversion (for teachers)” 45 test olmaqla, ümumilikdə 4000-ə yaxın test nümunəsi vardır. Hər bir qrammatik mövzu üzrə test nümunələri tədris olunan materialın mahiyyətini tam şəkildə əvvəldən axıra qədər,  sadə test nümunələrindən başlayaraq mürəkkəb test nümumələrinədək ardıcıllıqla əhatə edir və abituriyentin öyrəndiyi materialın bütün məqamlarını özündə ehtiva edir. 
Bu testlərin həll edilməsi abituriyentlərə test həlli vərdiş və bacarıqlarını aşılayacaq və onlara imtahanlarda uğur qazanmaq üçün faydalı olacaqdır. Abituriyentlər test bankı vasitəsilə öz biliklərini yoxlamaq imkanını əldə edir və eləcə də test bankından istifadə etməklə müəllimlər şagirdlərinin, valideynlər övladlarının bilik səviyyəsilə bağlı səhih məlumat ala biləcəklər. Test bankı təkcə abituriyentlərin qəbul imtahanlarına hazırlığı prosesində deyil, həm də orta məktəb şagirdlərinin buraxılış imtahanlarına hazırlığı prosesində olduqca faydalı mənbə olacaqdır. Hər bir ingilis dili müəllimi test bankından öz peşə hazırlığını inkişaf etdirmək üçün də istifadə edə bilər. Bundan əlavə, ingilis dili müəllimləri və metodistlər test bankından faydalanaraq yeni test nümunələri tərtib edə bilərlər. Əminliklə deyə bilərik ki, test bankı ölkəmizdə testologiyanın inkişafında mühüm vəsaitlərindən biri olacaqdır.
Qeyd etdiyimiz kimi test bankı biliyin qiymətləndirilməsi vasitələrindən biridir. Ona görə də bizim sizə tövsiyəmiz odur ki, test bankındakı testləri həll etməmişdən əvvəl mövzu üzrə dərsliklərdəki materialı tam şəkildə mənimsəyin, biliyi əvvəlcə əldə edin. Bunun ardınca test bankı vasitəsilə həmin biliyi daha da möhkəmləndirin. Bu yolda hamıya uğurlar diləyirik!
Bizim məqsədimiz şagirdlərdə ingilis dili və bu dildə ünsiyyət sahəsində bilik və bacarıqları formalaşdırmaq, ingilis dili təliminin həyatla əlaqəsinin möhkəmləndirmək, yəni ingilis dili sahəsində qazanılmış bilik və bacarıqları nizamlayıb nitq vərdişinə çevirməkdir. Test bankımızdan istifadə edən abituriyentlər ingilis dilini həm nəzəri, həm də praktik şəkildə öyrənmək imkanı əldə edəcəklər.
Eyni zamanda MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU (MİQ) və SERTİFİKASİYA imtahanına hazırlaşan müəllimlər üçün də bu vəsait olduqca faydalıdır. Gənc həmkarlarımız imtahana hazırlaşarkən Test bankı vaistəsilə öz biliklərini yoxlaya və qiymətləndirə biləcəklər, nəticədə imtahana daha yüksək səviyyədə hazırlaşmış olacaqlar.
Sonda bir daha  nəzərinizə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzinin (DİM) ingilis dili ilə bağlı çap etdiyi proqramı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərin materialları və Kaspi Təhsil Şirkətinin müəllimlərinin uzun illər ərzində əldə etdiyi zəngin təcrübə əsasında ərsəyə gəlmiş nəşrlərimizin əhatəli, məqsədəuyğun, daha gərəkli olacağına ümid edirik. 

KASPİ nəşrlərindən faydalanan, bizə etimad göstərən hər kəsə əvvəlcədən öz təşəkkürümüzü bildiririk!

 

“İngilis dili. Test bankı. Qrammatika.”  adlı vəsaitin DOĞRU CAVABLARI:

/nodupload3/editor/files/%C4%B0ngilis%20dili%20Test%20Bank%C4%B1%20Qrammatika%202022%20-%20Do%C4%9Fru%20Cavablar(3).pdf