Liseyin nümayəndəsi Çində beynəlxalq təlim proqramında iştirak edib
Proqramın əsas məqsədi müasir təhsil modelləri, innovativ tədris yanaşmaları və texnologiyaların təhsil prosesinə inteqrasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi olub.
Kaspi Ağ Şəhər liseyinin Xaricdə Təhsil Bölməsinin koordinatoru Sakit Hüseynov Çin Xalq Respublikasında keçirilən beynəlxalq təlim proqramında iştirak edib.
Təlim Kaspi Liseyi ilə Pekin Texnologiya Universiteti arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində reallaşıb. Proqramın əsas məqsədi müasir təhsil modelləri, innovativ tədris yanaşmaları və texnologiyaların təhsil prosesinə inteqrasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi olub.
Proqram çərçivəsində Sakit Hüseynov Pekin Texnologiya Universitetinin iki kampusunda və iki orta məktəbdə olub. Səfər zamanı tədrisin təşkili, müasir texnologiyaların tətbiqi və innovativ təhsil metodları ilə tanışlıq imkanı əldə edib.
32 ölkədən təhsil nümayəndələrinin qatıldığı proqram çərçivəsində beynəlxalq təcrübə mübadiləsi də aparılıb. Müxtəlif ölkələrin təhsil müəssisələrinin nümayəndələri ilə görüşlərdə məktəblərarası əməkdaşlıq imkanları və müasir təhsil tendensiyaları müzakirə olunub.
Türkiyənin müxtəlif məktəblərinin nümayəndələri ilə keçirilən görüşlərdə isə süni intellektin və texnologiyaların tədris prosesində tətbiqi, eləcə də gələcək əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub. Bu çərçivədə Baykar Məktəbinin nümayəndələri ilə də ilkin fikir mübadiləsi aparılıb.
Beynəlxalq proqramda iştirak Kaspi Ağ Şəhər liseyinin qlobal təhsil təcrübəsini öyrənmək, innovativ yanaşmaları mənimsəmək və beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək istiqamətində fəaliyyətinə töhfə verir.
Kaspiliseyi.az