XƏBƏRLƏR

Liseydə şagirdlərlə gələcək hədəfləri müzakirə olunub

Şagirdlər gələcəklə bağlı plan və gözləntilərini bölüşərək peşə seçimi və şəxsi inkişafla bağlı düşüncələrini ifadə ediblər.

Kaspi Ağ Şəhər liseyində Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin üzvləri ilə IX–XI sinif şagirdləri arasında görüş keçirilib.

Liseydən verilən məlumatda bildirilir ki, görüşdə İH-nin sədri Sona Vəliyeva, İH-nin sədr müavini Elşən Əliyev, Liseylər üzrə baş direktor Sahil Əliyev, Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov iştirak ediblər.

Görüşdə şagirdlərin gələcək inkişaf perspektivləri, təhsil seçimləri və karyera hədəfləri müzakirə olunub: “Tədbirin əsas məqsədi yuxarı sinif şagirdlərinin gələcək plan və hədəflərini öyrənmək, onların fərdi potensial və maraqlarını müəyyənləşdirmək, eləcə də qarşıya qoyduqları məqsədlərə çatmaq istiqamətində düşüncə və yanaşmalarının inkişafına dəstək göstərmək olub”.

Görüş zamanı IX–XI sinif şagirdlərinin ali təhsil planları, universitetlərə qəbul perspektivləri, maraq göstərdikləri ixtisas və peşə istiqamətləri, həmçinin qısamüddətli və uzunmüddətli hədəfləri ətrafında fikir mübadiləsi aparılıb. Şagirdlər gələcəklə bağlı plan və gözləntilərini bölüşərək peşə seçimi və şəxsi inkişafla bağlı düşüncələrini ifadə ediblər.

İdarə Heyətinin üzvləri müzakirələr zamanı məqsədyönlü fəaliyyətin, düzgün qərarvermə bacarığının, məsuliyyətli yanaşmanın və davamlı özünüinkişafın əhəmiyyətindən danışıblar. Şagirdlərin gələcək hədəflərini müəyyənləşdirərkən fərdi bacarıq və maraqlarını nəzərə almalarının, mövcud imkanları düzgün qiymətləndirmələrinin və məqsədlərinə çatmaq üçün ardıcıl fəaliyyət göstərmələrinin vacibliyi vurğulanıb.

Bildirilib ki, xüsusilə IX–XI siniflərdə bu istiqamətdə keçirilən görüşlər şagirdlərin müstəqil düşünmə, strateji planlaşdırma, özünüdərk və gələcəklə bağlı şüurlu qərarlar qəbul etmə bacarıqlarının inkişafına töhfə verir.

Qeyd edilib ki, Kaspi Ağ Şəhər liseyində şagirdlərin fərdi potensialının üzə çıxarılması, onların gələcək hədəflərinin düzgün istiqamətləndirilməsi və hərtərəfli inkişafına yönəlmiş təşəbbüslərə xüsusi önəm verilir.

Kaspi.edu.az

06.10.2026