"Şəhidlər ölməz, Vətən bölünməz!"
Liseydə II Qarabağ müharibəsi şəhidlərinin anım günü keçirilib
Kaspi Bakıxanov liseyində II Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Liseyin müəllim və şagird kollektivi Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən liseyin direktoru Namik Cümşüdov II Qarabağ müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb. O, şəhidlərimizin Vətən uğrunda göstərdiyi misilsiz şücaət, fədakarlıq və Vətən sevgisi barədə fikirlərini bölüşüb.
Daha sonra tarix müəllimi Nilufər Məmmədova II Qarabağ müharibəsi və şəhidlərin keçdiyi qəhrəmanlıq yolu barədə şagirdlərə məlumat verib.
Anım tədbirinin sonunda şagirdlər “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndirərək sıra düzülüşündəki fəaliyyətlərini yekunlaşdırıblar.
Tədbir çərçivəsində 5-8-ci sinif şagirdlərinin də təqdimatları keçirilib. Hər sinif işğaldan azad edilmiş bölgələrdən birini təqdim edib. Şagirdlər hazırladıqları təqdimatlarda həmin bölgələrin tarixi və mədəniyyəti haqqında məlumatlarla yanaşı, müxtəlif rəsmlər və əl işləri də nümayiş etdiriblər.
Tədbirin əsas məqsədi şagirdlərdə Vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət və şəhidlərin əziz xatirəsinə ehtiram hissinin gücləndirilməsi olub.
Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!