IX–XI sinif şagirdlərinin dərslərinə start verildi
Məktəb və şagird əməkdaşlığının, müəllim-şagird münasibətlərinin və məqsədyönlü təhsil strategiyalarının əhəmiyyəti böyükdür
Yeni tədris ilinin başlanması münasibətilə Kaspi Ağ Şəhər liseyində IX–XI siniflərdə təhsil alan şagirdlərin qarşılanmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirin əsas məqsədi yuxarı sinif şagirdlərinin yeni tədris ilinə yüksək motivasiya və müsbət emosional hazırlıqla başlamalarını təmin etmək, qarşıda duran akademik hədəfləri diqqətə çatdırmaq və təhsil prosesinin yeni mərhələsi ilə bağlı ümumi istiqamətləri müəyyənləşdirmək olub.
Tədbirin açılışında Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov çıxış edərək yeni tədris ilinin şagirdlərin akademik, intellektual və şəxsi inkişafında mühüm mərhələ olduğunu vurğulayıb. Direktor xüsusilə IX–XI siniflərin şagirdlərin gələcək təhsil istiqamətlərinin müəyyənləşdirilməsi, peşə seçiminə hazırlıq, qəbul imtahanlarına sistemli yanaşma və fərdi potensialın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Müasir təhsil prosesinin əsas istiqamətlərindən biri yalnız yüksək akademik nəticələrin əldə olunması deyil. Şagirdlərin analitik düşünmə, problem həll etmə, müstəqil qərarvermə, tədqiqat aparma və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi də təhsil prosesinin mühüm tərkib hissəsidir. Bu baxımdan məktəb və şagird əməkdaşlığının, müəllim-şagird münasibətlərinin və məqsədyönlü təhsil strategiyalarının əhəmiyyəti böyükdür”.
Tədbirdə yeni tədris ilinin qarşıya qoyduğu məqsədlər, şagirdlərin qarşılaşacaqları akademik çağırışlar və bu mərhələdə üzərlərinə düşən məsuliyyətlər barədə geniş məlumat verilib.
Şagirdlərə təhsil müddətində öz potensiallarından səmərəli istifadə etmələri, qarşılarına konkret məqsədlər qoymaları və həmin məqsədlərə ardıcıl və sistemli şəkildə nail olmaları tövsiyə edilib.
IX–XI sinif şagirdlərinin qarşılanması onların lisey mühitinə adaptasiyasının möhkəmləndirilməsi, yeni tədris ilinə psixoloji və akademik hazırlıqlarının dəstəklənməsi baxımından da əhəmiyyətli tədbir kimi qiymətləndirilib.
Səmimi və motivasiyaedici atmosferdə keçirilən görüş şagirdlərdə yeni tədris ilinə dair müsbət gözləntilər formalaşdırıb. Tədbir qarşıdakı tədris mərhələsinə yüksək əhval-ruhiyyə ilə başlamaları üçün şagirdlərə əlavə stimul verib.
Kaspi Ağ Şəhər liseyində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin hərtərəfli inkişafının təmin olunması və onların gələcək akademik və peşə fəaliyyətinə hazırlanması istiqamətində həyata keçirilən tədbirlər yeni tədris ilində də davam etdiriləcək.
Kaspi Təhsil Şirkəti bütün şagird və müəllim kollektivini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edir və uğurlar arzulayır!
Kaspiliseyi.az