9 may - faşizm üzərində Qələbə Günüdür
Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb.
İkinci Dünya müharibəsi bəşər tarixinin ən qanlı müharibəsi hesab edilir. Ən müxtəlif mənbələrdə onun qurbanlarının sayı barədə müxtəlif rəqəmlər deyilir. Lakin ən mötəbər mənbələr bu müharibəyə 100 milyon nəfərdən çox insanın cəlb olunduğunu, onlardan 50 milyondan çoxunun həyatı bahasına başa gəldiyini göstərir. Azərbaycan vətəndaşlarının da iştirak etdiyi bu müharibədə xalqımızın minlərlə cəsur, igid və qəhrəman oğullarının qanı axıdılıb. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq, həm də doğma Azərbaycan torpağını qoruyublar.
Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir.
170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”.
Müharibənin ilk illərində faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında bütün Sovet xalqlarını birləşdirdi. Bununla da düşmənin hücumları, nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi. Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Müharibə iştirakçıları, veteranlar dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
9 may - faşizm üzərində Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb.
Zaman keçsə də, illər ötsə də onların göstərdikləri qəhrəmanlıq nümunələri xatirələrdə əbədi yaşayacaq, bu yolda canını qurban verənlərin xatirəsi həmişə hörmət və ehtiramla yad ediləcək.
Kaspi.edu.az