Bayramların şahı Novruz!
Sevincirici və qürur doğuran haldır ki, artıq Novruz tonqalı işğaldan azad edilmiş torpaqlarımızda da alovlanır.
Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri Novruz bayramıdır. Novruzun fəlsəfəsində millətlərdən, xalqlardan öncəki mədəniyyətin, həyat tərzinin və təbiətə təsir etmək istəklərinin izləri qalmaqdadır.
Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən - su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. İlk çərşənbə Su - yəni Bahara doğru çayların buz bağlayan hissəsi əriyib çaylara tökülür, torpaq yavaş-yavaş islanmağa başlayır. İkinci, çərşənbə Od çərşənbəsi adlanır. Bu anlama görə Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar. Üçüncüsü, Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncü çərşənbə isə Torpaq çərşənbəsi adlanır. Çərşənbələr arasında ən vacibi İlaxır çərşənbə hesab olunur. Həmin gün qədim ənənələrlə zəngin olur. Bütün həyat tərzini əhatə edən, təzəcə ilə xoş arzular, ailə səadəti, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır.
Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. Ancaq Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse Prezident Mehriban Əliyevanın ciddi səyləri ilə Novruz bayramı da UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.
Xalqımız Novruz bayramını hər il böyük coşqu ilə qeyd edir. Sevincirici və qürur doğuran haldır ki, artıq Novruz tonqalı işğaldan azad edilmiş torpaqlarımızda da alovlanır. Doğma od-ocaqlarına köçən insanlar artıq bayramı böyük sevinc hissi ilə öz ata-baba yurdlarında qarşılayırlar.
Bu il Novruz bayramı ilə müqəddəs Ramazan bayramı eyni vaxta – 20 marta təsadüf etdiyindən xalqımız bu bayramları ikiqat sevinc hissi ilə qeyd edir.
Kaspi Təhsil Şirkəti bütün Azərbaycan xalqını Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, dünyamıza sülh və əmin-amanlıq arzulayır!
Bayramınız mübarək!
Kaspi.edu.az