Milli Mətbuatımız 150 yaşında
22 İyul – Azərbaycanda Milli Mətbuat günüdür.
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 150 il ötür.
Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Kaspi.edu.az xəbər verir ki, “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görüb. Amma bu nəşrin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, onun səhifələrində müntəzəm çıxış ediblər.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyev 25 aprel 2025-ci il tarixdə Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Ölkə başçısı 21 İyulda imzaladığı Sərəncamla bir qrup jurnalisti fəxri ad, diplom və mükafatlarla təltif edib. Prezident Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib: “Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm. Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb”.
Kaspi Təhsil Şirkəti Milli Mətbuatımızın 150 illik yubileyi münasibəti ilə bütün mətbuat işçilərini təbrik edir!
Kaspi.edu.az