"Robofest International" festivalı 5-ci dəfə keçirildi
Festivalda 206 şagird və 70 komanda yarışıb
Kaspi Liseyində “Robofest International” festivalı keçirilib. Festival artıq ənənəyə çevrilərək 5-ci dəfədir ki, Kaspi Liseyində təşkil olunur.
“Robofest International”-da 206 şagird və 70 komanda yarışıb. Bu platformada Future Builders Juniors, Future Builders Seniors, Hackathon Juniors, Hackathon Seniors, Sumo Strike Juniors, Sumo Strike Seniors, VEX 123 Challenge və VEX GO Challenge kateqoriyalarında iştirakçılar öz bacarıqlarını nümayiş etdiriblər.
“Robofest International” təşkilat komitəsinin sədri Kamran Əsgərov kaspi.edu.az-a məlumat verdi ki, “Robofest International” 2021-ci ildə STEMART STEAM Akademiyası tərəfindən təsis olunub: “Artıq 5-ci dəfə baş tutan bu festival şagirdlərin həyəcan, əyləncə və macəra dolu bir tədris ilinin yekunu kimi keçirilir. Festival şagirdlərin texnologiya, mühəndislik və yaradıcılıq bacarıqlarını nümayiş etdirdikləri, müxtəlif robot texnologiyaları, kodlaşdırma və mühəndislik layihələri ilə iştirak etdikləri bir platformaya çevrilib. Bu tədbir eyni zamanda, gəncləri elmə və texnologiyaya olan maraqlarını artırmağa təşviq edir və onlara öz bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradır”.
Kamran Əsgərov bildirir ki, festival çərçivəsində şagirdlər proqramlaşdırma, robototexnika və yaradıcı düşüncə sahələrində hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər: “Yarışmalar həm fərdi bacarıqların inkişafı, həm də komanda işinin əhəmiyyətini vurğulamaqla yanaşı, şagirdlərə rəqabətli və innovativ bir mühitdə özlərini sınamaq imkanı verdi. Tədbir, şagirdlərin texnologiyaya olan maraqlarını daha da artırmaqla, onların gələcəyin mühəndisləri və proqramçıları kimi yetişməsinə töhfə verdi”.
Festivalın qalibləri müxtəlif hədiyyələr, medallar və sertifikatlarla təltif olunublar.
Kaspi.edu.az