Türkiyənin Üsküdar Universitetinin rektoru Kaspi Liseyində
İki təhsil müəssisəsi arasında əməkdaşlıq müzakirə olunub
Türkiyənin Üsküdar Universitetinin rektoru, professor Nazifə Güngör və nümayəndə heyəti Kaspi Ağ Şəhər liseyində qonaq olublar.
Liseydən verilən məlumata görə, görüşün əsas məqsədi şagirdlərə Üsküdar Universitetinin təhsil imkanları, proqramları və beynəlxalq əməkdaşlıq perspektivləri haqqında ətraflı məlumat vermək idi.
“Görüş zamanı universitet nümayəndələri şagirdlərimizlə birbaşa ünsiyyət quraraq, Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Üsküdar Universitetinin bakalavriat, magistratura və doktorantura proqramları haqqında geniş təqdimat etdilər. Şagirdlər gələcək təhsil seçimləri ilə bağlı suallarını birbaşa universitet rəhbərliyinə ünvanlamaq imkanı qazandılar”.
Təqdimatdan sonra Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva qonaqlarla xüsusi görüş keçirib. Görüş zamanı iki təhsil qurumu arasında əməkdaşlıq imkanları, ortaq layihələr və Kaspi şagirdlərinin xaricdə təhsil perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Söhbət zamanı hər iki təhsil müəssisəsi gələcək birgə təşəbbüslərin təməlini qoyacaq əməkdaşlıq niyyətlərini ifadə ediblər.
Görüşdə “Kaspi Global” layihəsi çərçivəsində şagirdlərimizin Üsküdar Universitetində təhsil almaları üçün güzəştlər, birgə layihələr, təcrübə proqramları və akademik mübadilə imkanları da müzakirə olunub.
“Görüş hər iki tərəf üçün çox səmərəli keçdi və “Kaspi Global” təşəbbüsü çərçivəsində şagirdlərimizin beynəlxalq təhsil imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Kaspi Liseyi olaraq, Üsküdar Universiteti ilə qurulan bu yeni əməkdaşlıqdan böyük məmnunluq duyuruq və gələcəkdə şagirdlərimiz üçün daha geniş imkanlar yaratmaq məqsədilə birgə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq”.
kaspi.edu.az