Karatenin "Qara Brilyantı" Kaspi Liseyində
Karate ustası Rafael Ağayev liseyin şagirdləri ilə görüşüb
Kaspi Ağ Şəhər liseyində məşhur Azərbaycan karateçisi Rafael Ağayevlə görüş keçirilib.
Şagirdlərə məlumat verilib ki, R.Ağayev 5 qat dünya çempionu, 11 dəfə Avropa çempionu, Tokio 2020 Yay Olimpiya oyunlarının Gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının çempionu, müxtəlif beynəlxalq turnirlərin qalibidir. “Rafael Ağayev Azərbaycan karate idmanının simvolu sayılır. O, Azərbaycan idman tarixində öz imzasını atmış ən böyük idmançılardan biridir. Onun uğurları sayəsində ölkədə bu idman növünə maraq artıb. O, gənc karateçilər üçün böyük motivasiya mənbəyidir və onların inkişafına da daim dəstək olur. İdmançının qazandığı uğurlar, mübarizə ruhu və döyüş tərzi təkcə Azərbaycanda deyil, bütün dünyada karatesevərlərin hörmətini qazanıb”- deyə liseyin direktoru Həsən Həsənov görüşdə qeyd edib.
Şagirdlərin suallarını cavablandıran qonaq bildirib ki,
Sumqayıt şəhərində anadan olub. Uşaq yaşlarından idmana böyük maraq göstərən R.Ağayev karateyə atasının təşəbbüsü ilə başlayıb. O, döyüş sənətləri sahəsində nadir istedad nümayiş etdirərək erkən yaşlarında yüksək səviyyəli çıxışları ilə seçilməyə başlayıb.
İlk müəllimi tanınmış karate ustası və məşqçi Rafael Məmmədov olub. Rafael Ağayevin texniki bacarıqları və döyüş üslubu onu tez bir zamanda Azərbaycanda və beynəlxalq arenada diqqətəlayiq idmançılar sırasına çıxarıb.
Karate ustası “Qara Brilyant” ləqəbi ilə tanınır. Bu ləqəb ona beynəlxalq karate arenalarında göstərdiyi üstün performans, döyüşlərdəki yüksək texnikası və məğlubedilməz xarakteri səbəbilə verilib.
Karate ustası şagirdlərə tövsiyə verərək idmanla məşğul olmalarının vacibliyini qeyd edib: “Bu, sizin sağlam həyat tərzi sürməyiniz, fiziki sağlamlığınız üçün önəmlidir”.
Qonaq məktəbin və karate dərnəyinin fəaliyyəti ilə tanış olub, şagirdlərlə görüşdən məmnun ayrılıb.
kaspi.edu.az