XƏBƏRLƏR

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Bu tarix 1997-ci ildən başlayaraq ölkəmizdə təntənəli şəkildə qeyd olunur

23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu tarix UNESCO-nun Baş konfransının 1995-ci il 25 oktyabr - 16 noyabr tarixlərində Paris şəhərində keçirilən 28-ci sessiyasında qəbul edilib. Hər ilin bu günü bütün dünyada təntənəli şəkildə qeyd olunur. Əksər ölkələr bununla əlaqədar hər il müxtəlif formatlı tədbirlər təşkil edirlər.

kaspi.edu.az xəbər verir ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi barədə qərar kitaba, müəlliflərə, müəlliflik hüququna beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək dəyərin bariz nümunəsidir. “Belə bir qərar qəbul etməklə UNESCO kitabları və müəlliflik hüququnu təbliğ edir, yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir. 23 aprel tarixini qeyd edərkən, biz ideya və biliklərin yayıcılarına – naşirlərə, kitab ticarəti şəbəkələrinə və kitabxanalara da lazımi qiymət veririk”- deyə təşkilat qeyd edir.

23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən başlayaraq təntənəli şəkildə qeyd olunur.

kaspi.edu.az

 

23.04.2025