Kaspi Liseyinin dəyərləri
Uğurlu təhsil liderinin 5 xüsusiyyəti
“Müasir təhsil müəssisələrinin idarə olunması yalnız akademik nəticələrə fokuslanmaqla məhdudlaşmır. Güclü lider məktəbdə sağlam mühit formalaşdırmalı, müəllimlər və şagirdlər üçün motivasiyaedici şərait yaratmalıdır”. Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov Kaspi Liseyinin əsas dəyərləri – Dürüstlük, Etibarlılıq, Hörmət, Məsuliyyət və Mükəmməllik kimi xüsusiyyətləri uğurlu təhsil liderinin malik olduğu ən vacib keyfiyyətlər kimi dəyərləndirir.
Həsən Həsənovun bu yazısında həmin dəyərlər liderliyin əsas komponentləri kimi təqdim olunur:
1. Dürüstlük – Şəffaf və ədalətli idarəetmə
Dürüstlük, liderin uğurlu olması üçün vacib keyfiyyətlərdən biridir. Şəffaf və açıq idarəetmə, müəllimlər, valideynlər və şagirdlər arasında etimadın formalaşmasına səbəb olur. Liderin verdiyi qərarlar ədalətli olmalı və şəxsi maraqlardan uzaq dayanmalıdır. Ədalət
2. Etibarlılıq – Güvən yaratmaq və komanda idarəetməsi
Uğurlu rəhbər kollektivin ona inanmasını təmin etməlidir. Müəllimlər və şagirdlər liderə güvəndikdə, məktəbdə daha dinamik və məhsuldar bir mühit formalaşır. Etibarlı lider sözünün arxasında dayanır, verdiyi vədləri yerinə yetirir və kollektivin hər bir üzvünə dəyər verir. Bu xüsusiyyət sayəsində məktəbdə əməkdaşlıq və qarşılıqlı anlayış inkişaf edir.
3. Hörmət – Güclü kommunikasiya və əməkdaşlıq
Liderin uğurunun açarı onun insanlarla necə münasibət qurmasından asılıdır. Hər bir şagirdin, müəllimin və valideynin fikrinə hörmət edən rəhbər, məktəbdə müsbət atmosfer formalaşdırır. Hörmətə əsaslanan ünsiyyət münaqişələrin qarşısını alır, əməkdaşlığı gücləndirir və ümumi məqsədlərə nail olmağı asanlaşdırır.
4. Məsuliyyət- Qərarlara cavabdehlik və inkişaf yolu
Hər bir lider qəbul etdiyi qərarların nəticəsinə görə məsuliyyət daşımalıdır. Məsuliyyətli rəhbər məktəbin inkişafı üçün strategiyalar müəyyənləşdirir, problemləri həll edir və şagirdlərin, müəllimlərin rifahını daim nəzərə alır. O, yalnız uğurların deyil, həm də çətinliklərin qarşısında dayanaraq həll yolları tapır və məktəbi irəli aparır.
5. Mükəmməllik -Daimi inkişaf və yüksək standartlar
Uğurlu lider heç vaxt kifayətləndiyini düşünmür, daim inkişaf etməyə və yeni nailiyyətlər əldə etməyə çalışır. O, məktəbdə yüksək standartlar müəyyənləşdirir, müəllim və şagirdləri daim daha yaxşı nəticələr göstərməyə təşviq edir. Mükəmməlliyə can atan rəhbər məktəbi yalnız bu gün üçün deyil, gələcək üçün də hazırlayır.
“Biz birlikdə güclüyük!” şüarı onun əsas çağırışıdır!
kaspi.edu.az