Gənc nəsillərə vətənpərvərlik ruhunu aşılamaq üçün vacib addım
20 Yanvar dərsi
20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının qarşısına əliyalın çıxaraq əsl fədailik göstərərək xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazıblar. Həmin tarixdən 35 il ötür.
Kaspi Ağ Şəhər liseyinin şagird və müəllim kollektivi bu münasibətlə Şəhidlər Xiyabanını ziyarət ediblər. “Bu ziyarət, gənc nəsillərə vətənpərvərlik ruhunu aşılamaq və onların tarixi yaddaşını gücləndirmək üçün vacib addımdır”- deyə liseyin direktoru Həsən Həsənov faciənin tarixi haqqında məlumat verib: “20 Yanvar faciəsi müasir Azərbaycan Respublikasını müstəqilliyə aparan yolunda dönüş nöqtələrindən biridir. Xalqımızın qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyi öz məkrli məqsədlərinə nail ola bilmədilər. 20 Yanvar hadisələri zamanı xalqımızın qəhrəman oğul və qızları ağır silahlanmış sovet ordusuna qarşı əliyalın mübarizə apararaq azadlıq və dövlət müstəqilliyimiz uğrunda canlarından keçmiş, müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Hadisəyə ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verib. Ümummilli Lider Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Qanlı 20 Yanvar haqqında beynəlxalq ictimaiyyətə məlumat verərək xalqımızın haqq səsini dünyaya çatdırıb, SSRİ rəhbərliyinin vəhşi əməllərini cəsarətlə dilə gətirib”. H.Həsənov qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycan tarixinə faciə kimi daxil olsa da, xalqımızın həyatında dönüş nöqtəsi olub, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirib. Direktor qeyd edib ki, ötən 35 il ərzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim xalqımız tərəfindən əziz tutulub, onların ailə üzvləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.
Liseydə 1-ci dərs saatında şəhidlərin ruhu ehtiramla anılıb və faciənin tarixi haqqında şagirdlərə məlumat verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
kaspi.edu.az