XƏBƏRLƏR

Liseyin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Həmin gün 1-ci dərs saatında şəhidlərimizin əbədi xatirəsi anılıb

Azərbaycan tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 35-ci ildönümüdür. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 35 il əvvəl həmin faciəli gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri və qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin və yenilməz iradəmizin rəmzinə çevrilib.

Kaspi Bakıxanov liseyinin müəllim və şagird kollektivi 20 yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər. Liseyin direktoru Cahid Hüseynovun rəhbərliyi ilə kollektiv şəhidlərin məzarları üzərinə qərənfillər  düzüblər.

Liseydə 20 Yanvar tarixi ilə əlaqədar olaraq həmin günün 1-ci dərs saatı şəhidlərimizin əbədi xatirəsini anaraq başlayıb. Şagirdlərə qanlı Yanvar hadisələri haqqında məlumat verilib. Qeyd edilib ki, Azərbaycan xalqı bu tarixi sadəcə hüzn günü deyil, milli qürur günü olaraq anır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

kaspi.edu.az

17.01.2025