XƏBƏRLƏR

"Biz Füzuliyə qayıtdıqca mənən saflaşırıq..."

Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan “Füzuliyə təxmislər” kitabı işıq üzü görüb

2024-cü il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyidir. Prezident İlham Əliyevin Sərəncamı ilə bu il dahi şairin yubileyi ilə bağlı tədbirlər planı həyata keçirilir. “Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır”- deyə sənəddə qeyd edilib.

Dahi şəxsiyyətlərin irsinin qorunmasına daim töhfələrini əsirgəməyən Kaspi Təhsil Şirkəti Füzuli İlinə də töhfəsini verməkdədir. Şirkətin dəstəyi ilə yenicə işıq üzü görən “Füzuliyə təxmislər” kitabının təqdimatı da dahi şairin yubileyinə ən gözəl hədiyyə oldu.

Biz Füzuliyə qayıtdıqca...

“Kaspi Təhsil Şirkəti olaraq Azərbaycan ədəbiyyatının yükünü öz çiyinlərində tarixdən-tarixə daşıyan şəxsiyyətlərin xatirəsini əziz tutmaq üçün öz töhfəmizi veririk. “Füzuliyə təxmislər” kitabı da bu silsilədən nəşr olunan əsərlərdəndir”- deyə kitabın təqdimatına həsr olunan tədbirdə KTŞ-nin İdarə heyətinin sədri, filologiya elmləri doktoru, yeni nəşrin Layihə rəhbəri və Ön söz müəllifi Sona Vəliyeva bildirdi: “Biz bu gün Füzulinin işığına yığışmışıq. İnanıram ki, bu zalı qəlbimiz, gözümüz dolu tərk edəcəyik. Mütləq gedib Füzulinin cildlərindən birini vərəqləyəcəyik, dahi şairin hansısa əsərindən və ya qəzəlindən bir parça oxuyacağıq. “Füzuliyə təxmislər” kitabının toplanması, tərtibi, hər sözün Füzuliyə layiq təşkil edilməsi uzun bir vaxt alıb”. S.Vəliyeva qeyd etdi ki, Füzuli özündən sonrakı şairləri də şöhrət zirvəsinə qaldıran sənətkardır: “Füzuli Azərbaycanın böyük şairidir. Onun yaradıcılığında elmi, fəlsəfi, dini və irfani münasibətlər cəm halda və əsas xətt kimi keçir. Füzulinin yaradıcılığında məsələləri elmi cəhətdən təhlil etmə, onlara bədii rəng vermə, məna donuna salma göstərir ki, o astronomiyanı, nücumu, tibb elmini, riyaziyyatı, fəlsəfəni gözəl bilib. Bu elmlərin cəmindən bir Füzuli yaranmışdı. Nizami əgər hikmətin dəryasıdırsa, Füzuli lirikanın dəryasıdır. Hər əsərində sözə təkrarsız məna çaları vermək, onu bəzəmək yalnız Füzuliyə xasdır. Biz Füzuliyə qayıtdıqca mənən saflaşırıq”. S.Vəliyeva qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı imzaladığı sərəncamından irəli gələn tədbirlər - əsərlərinin çapı, Əlyazmalar İnstututuna dahi şairin adının verilməsi, Füzuli Enciklopediyasının yaranması, YUNESKO xətti ilə yubileyinin keçirilməsi, Türkiyədə, Moskvada keçirilən silsilə tədbirlər dahi şairə niyə qayıtmağımızın səbəblərini sübut edir. Ulu Öndər Füzuli irsinə dəyər verərək “Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır"-deyirdi. Həqiqətən də dahi şair insanın mənən saflaşması uğrunda daim mücadilə aparır və bütün əsərlərinin ideyası bundan ibarətdir. Bizim gənclik mənən saflaşması üçün Füzuliyə qayıtmalıdır”. S.Vəliyeva qeyd etdi ki, Kaspi Təhsil Şirkəti Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək dahi şairin 530 illik yubileyinə həsr olunan tədbirləri tədris ili boyunca davam etdirib: “Füzuliyə təxmislər” nəşri də həyata keçirdiyimiz silsilə tədbirlərin davamıdır”.

Gənc nəslin Füzuli işığında tərbiyəsi

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nəzakət Məmmədli “Dünən Mövlananın dünyadan köçdüyü gün idi. Füzuli ilə Mövlana arasında çox böyük mənəvi bağ var”- deyə qeyd etdi. N.Məmmədli bir təhsil müəssisəsində Füzuliyə  həsr olunan tədbirin keçirilməsini yüksək qiymətləndirdi: “Gənc nəslin Füzuli işığında tərbiyə olunması çox vacibdir. Dahi Füzuli ilk növbədə tərbiyəyə önəm verirdi. Deyirdi ki, öncə mənəviyyat önəmlidir ki, sonra təhsil gəlsin. Bu baxımdan, şagirdlərin Füzuli dühasına bələd olması onların mənəvi inkişafında mühüm rol oynayacaq”.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri və nəşrin tərtibçisi Fərid Hüseyn kitabın ərsəyə gəlməsinə görə layihə rəhbəri Sona Vəliyevaya təşəkkür etdi: “Kaspi Təhsil Şirkəti həmişə Prezident Sərəncamından irəli gələn layihələrə dəstək verir. Bundan əvvəl şirkət tərəfindən Məhsəti Gəncəvi, Hüseyn Cavid, Xurşudbanu Natəvan və s. kitablar çap olunub. “Füzuli” kitabı isə dahi şairin 530 illiyinə layiqli töhfədir”.

Tədbirin digər qonaqları- şair Gülbala Dadaş, liseyin məzunu Məhəmməd Vəliyev və b. çıxışlarında Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar kimi dəyərləndirdilər.

Tədbirdə lisey şagirdlərinin ifasında dahi şairin qəzəlləri, Dövlət Uşaq Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistlərinin təsnifləri maraqla dinlənilib. Liseyin Xor və Rəqs kollektivlərinin təqdim etdiyi rəngarəng nömrələr və teatrlaşdırılmış səhnələr, bədii kompozisiyalar dahi şairin yaradıcılığına sevgi və hörməti ifadə etdirdi. 

kaspi.edu.az

19.12.2024