XƏBƏRLƏR

"TEDx Kaspi Liseyi Youth" tədbiri keçirilib

Mövzusu "Young Minds, Big Ideas” olan tədbirdə 27 spiker iştirak edib

Kaspi Liseyləri İngilis Dili Departamentinin təşkilatçılığı ilə “TEDx Kaspi Liseyi Youth” tədbiri keçirilib. Bu müstəqil TEDx tədbiri, TED-in rəsmi lisenziyası ilə keçirilən və dünyada “Paylaşmağa dəyər ideyalar” konsepsiyasını əsas götürən TEDx tədbirlərinin bir hissəsidir.

Dekabrın 7-də keçirilən tədbir gənclərin analitik və yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirmək, həmçinin onlara özünəinam qazandırmaq məqsədini daşıyıb.

TEDxYouth, xüsusilə gənclərə yönəlmiş və onların fikir, bilik və yaradıcılıq potensialını üzə çıxarmağa dəstək verən tədbirlərdir. Belə ki, gənclərə platforma verməklə onların orijinal fikirlərini və yenilikçi ideyalarını paylaşmalarına imkan yaratmaqdır.

TEDx Kaspi Liseyi Youth tədbirində 27 spiker iştirak edib. Qonaq spikerlərlə bərabər, TEDx Kaspi Liseyi Youth tədbirinin şagird spikerləri də tədbirdə çıxış edib. Kaspi Liseyinin fəalları özlərini və həmyaşıdlarını narahat edən və onlara maraqlı olan aktual mövzularda araşdırmalar apararaq fikirlərini TED səhnəsində ingiliscə paylaşıblar.

“Tədbirin mövzusu "Young Minds, Big Ideas” oldu və gənclərə öz maraq dairələrində mühüm məsələlər barədə danışmaq və geniş auditoriya qarşısında çıxış etmək imkanı təqdim etdi”- deyə tədbirin təşkilatçısı Kaspi Ağ Şəhər liseyi İngilis dili fənn rəhbəri Gülnar Abbasova bildirdi: “TEDx-da çıxış edən gənclərin uğur hekayələri, həyat təcrübələri və müsbət dəyişiklik yaradan ideyaları iştirakçılara böyük ilham verdi. Tədbirdə qonaq və şagird spikerlərin müxtəlif mövzularda çıxışları oldu və bu, gəncləri həm yerli, həm də qlobal məsələlər haqqında məlumatlandırdı”.

TEDx Kaspi Liseyi Youth, gəncləri dünya vətəndaşı kimi formalaşdırmaqla yanaşı, onların gələcəkdə cəmiyyətdə daha fəal və məsuliyyətli rol oynamağa təşviq edib. Tədbir həmçinin gənclərin öz həyatlarında müsbət dəyişikliklər etmək üçün ilham almasına kömək edib.

kaspi.edu.az

 

14.12.2024