XƏBƏRLƏR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Ruhun şad olsun, Ümummilli lider, Ulu öndər!

Azərbaycan xalqı görkəmli siyasi xadim Heydər Əliyevi dərin ehtiramla yad edir, üzərinə düşən tarixi missiyaları hər zaman uğurla yerinə yetirmiş bu tarixi şəxsiyyətin ruhuna dualar oxuyur...

kaspi.edu.az xəbər verir ki, Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə - 1969-cu il və ondan sonrakı illərdə Heydər Əliyev qurucu lider kimi tanınmağa başladı. Ölkədə sənayenin, kənd təsərrüfatının inkişafı üçün nəhəng işlərə imza atdı.  Ədəbiyyat, sənət, mədəniyyət sahəsi inkişaf etdi. Sovet İttifaqında mühüm vəzifə postuna qalxarkən Azərbaycanın fəxri, qüruru oldu. Heydər Əliyev bu etimadı özünün yüksək bacarığı, mükəmməl bioqrafiyası ilə qazanmışdı. Qarabağ münaqişəsinin Kremlin siyasi mətbəxində hazırlanması prosesinin qarşısının alınmasında o, cəsarəti ilə, vətənpərvərliyi ilə özünü Azərbaycan üçün sipər etdi. Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edəndə doğma xalqının ürəyində özünə əbədi taxt qurdu. 

Heydər Əliyev Azərbaycanın başı üzərindəki qara buludları dağıtdı. Azərbaycanı dəhşətli faciələrdən qorudu və adını tarixin səhifələrinə xilaskar, əsl lider kimi yazdırdı. İnam və etimad onu Azərbaycanın rəhbəri kürsüsünə yenidən qaldırdı. 1993-cü ildə böyük səs çoxluğu ilə Prezident seçildi. 

Heydər Əliyev təkcə daxili siyasətin mahir bilicisi deyildi, Azərbaycanın xarici siyasətinin problemlərini həll etməyi, bu siyasəti necə balanslaşdırmağı da bacarırdı. Ona görə də beynəlxalq təşkilatlar, xarici dövlətlər onun rəhbərliyi dövründə Azərbaycanla daha sıx işləməyə başladılar.  

Ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyi dövründə milli maraqlar öndə dayanmaqla Qərbə inteqrasiya yolu tutuldu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi.

Bugün ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar  Azərbaycanı regionun lider dövlətinə çevirdi.  Dahi liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını alaraq işğal altında olan torpaqlarımızı azad etdi. Bu tarixi qələbə, zəfər bayramını bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuzun rəşadəti və xalqın birliyi ilə həyata keçdi.

Ruhun şad olsun, Ümummilli lider, Ulu Öndər!

kaspi.edu.az

12.12.2024