XƏBƏRLƏR

25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür

Kəlbəcərin işğaldan azad edilməsindən 4 il ötür

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Ölkə prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, bu şanlı tarix 25 Noyabr - Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən 4 il ötür. Qırx dörd günlük Vətən müharibəsində - İkinci Qarabağ Savaşında Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Hazırda Kəlbəcərdə quruculuq işləri həyata keçirilir. Nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.

kaspi.edu.az

25.11.2024