XƏBƏRLƏR

Karyera Həftəsi: Gənclərin peşəkar inkişafı üçün yeni imkanlar

Kaspi Təhsil Kompleksi də tədbirdə təmsil olunub

Sumqayıt Dövlət Universiteti və Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən “Karyera Həftəsi” tədbiri təşkil edilib. Tədbirdə müəssisə, idarə və təşkilatların nümayəndələri, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak ediblər. Gənclərin karyera imkanlarını genişləndirmək məqsədi daşıyan tədbirin təşkil olunmasında əsas məqsəd uğurlu karyera qurmaq üçün lazım olan səriştələri formalaşdırmaq, ixtisas yönümlü karyera perspektivlərini dəstəkləməkdir.

kaspi.edu.az xəbər verir ki, tədbiri universitetin Elm və innovasiyalar üzrə prorektoru Elşad Abdullayev açaraq “Karyera Həftəsi”nin məqsəd və əhəmiyyətindən bəhs edib. Prorektor son illər ölkəmizdə əmək bazarının inkişafı və gənclərin məşğulluğunun təminatı istiqamətində həyata keçirilən uğurlu dövlət layihələrinə diqqət çəkərək, bu tədbirin əsas məqsədinin tələbə və məzunları ölkənin əmək bazarı və mövcud karyera imkanları ilə tanış etmək olduğunu qeyd edib.

Tədbirdə Kaspi Təhsil Kompleksi də təmsil olunub. KTK Sumqayıt filialının direktoru Vasif Əliyev və Abituriyent şöbəsinin meneceri Amil Orucov iştirakçılara dəyərli bilgilər təqdim edərək, gənclərin peşəkar inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyiblər. V.Əliyev çıxışında universitetin tələbə və məzunlarının məşğulluq səviyyəsini artırmaq üçün dövlət və özəl müəssisələrlə əməkdaşlıqlarını genişləndirməyin vacibliyini vurğulayıb: “Bu əməkdaşlıqlar, tələbələrin müasir iş bazarının tələblərinə uyğunlaşmalarını təmin edir və onlara praktik təcrübə qazanma imkanı yaradır”.

Tədbir Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin tələbələrindən ibarət simli kvartet bədii rəhbər Könül Bəkirovanın müşayiəti ilə Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik və müasir əsərlərindən ibarət musiqi nömrələri ilə davam edib.

Sərgidə 30-dan artıq şirkət öz vakansiyaları və təcrübə proqramları ilə iştirak ediblər.

kaspi.edu.az

29.10.2024