Ali məktəbə aparan yol
Abituriyentlər və valideynlər qazandıqları yüksək nəticəyə görə Kaspi Abituriyent Hazırlığı Kurslarına minnətdarlıq edirlər
2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında Kaspi Abituriyent Hazırlığı Kurslarında təhsil alan abituriyentlər də çoxdur. Onlar Buraxılış və Blok imtahanlarından yüksək bal toplayaraq valideynlərinə və oxuduqları təhsil müəssisələrinə böyük sevinc və qürur hissi yaşadıblar. Onlar “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” şüarını sözün həqiqi mənasında doğruldublar.
kaspi.edu.az olaraq həmin abituriyentlərin siyahısında 600+ bal toplayanları oxucularımıza tanıtmaq qərarına gəldik. Bu gənclərin uğuru təkcə biliklərə yiyələndikləri təhsil müəssisəsini və valideynlərini qürurlandırmır, həmçinin gələcəkdə ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyan şagirdlər üçün layiqli örnəkdir.
Beşlikdə yer alan uğurlu abituriyentlərimizi siz də tanıyın:
Eltun Cəfərov - (Gəncə - 614.5)
Əliyar Zaidov - (Mərdəkan - 608.6)
Lalə Nəbizadə - (Qəbələ - 607.1)
Zərifə Muradova - (Qəbələ - 605.6)
Aysun Məsimova - (Gəncə - 605.1)
Ölkəmizi layiqli təmsil etmək arzusu
Eltun Cəfərov hesab edir ki, imtahanlarda yaxşı nəticə qazanmaq üçün məsuliyyətlə və düzgün istiqamətdə çalışmaq lazımdır: “İmtahanlarda layirli nəticə əldə etməyimə görə valideyinlərimə, müəllimlərimə, ümumilikdə Kaspi Abituriyent kursunun müəllimlərinə təşəkkür edirəm! Arzum savadlı, peşəkar həkim olmaqdır. Həmçinin təhsilimi xaricdə davam etdirib ölkəmizi layiqli təmsil etmək istəyirəm. Ali məktəbə qəbul olmaq istəyən bütün abituriyentlərə uğurlar arzulayıram!”
Lalə Nəbizadə imtahanda yüksək bal toplamaq üçün məsuliyyətlə çalışıb: “Uğurumun sirri intizamlı və planlı şəkildə çalışmaqdır. Hər gün müəyyən saatlar ərzində çalışıb, həm mövzuları təkrar etdim, həm də test işləyərək öyrəndiklərimi təkmilləşdirdim”. L.Nəbizadə qazandığı uğura görə ailəsinə və müəllimlərinə minnətdardır: “Ailəm həmişə yanımda olaraq mənə mənəvi dəstək verdi. Xüsusi olaraq, Kaspi kursunun rolu çox böyük oldu. Müəllimlərimdən çox razı qaldım. Onlar həm mükəmməl dərs keçdilər, həm də mənəvi dəstək oldular. Arzum ingilis dili müəllimi olaraq şagirdlərə dili sevdirib onları qlobal dünyaya hazırlamaqdır”.
Lalənin anası Günel xanım: ”Mən hər zaman qızımın yanında olub ona mənəvi dəstək və motivasiya verməyə çalışırdım. Onun uğuru ilə fəxr edirəm. Kaspi kursunun abituriyentlərlə əziyyət çəkən bütün müəllimlərinə minnətdaram!”
Özümüzə inam və əzmkarlıq
Zərifə Muradova “İlk növbədə özümüzə inanmalıyıq, eyni zamanda əzmkar olub dərslərə ciddi yanaşmalıyıq” deyə bildirir: “Arzum riyaziyyat müəllimi olmaqdır. Bu həvəs məndə anamın riyaziyyat müəllimi olmağı ilə, həm də müəllimlərimə olan sevgi ilə yaranıb. Müəllimlərimin dəstəyi olmasaydı, bəlkə də bu uğura nail ola bilməzdim. Ona görə də bütün müəllimlərimə təşəkkür edirəm!”
Ali məktəbə aparan yol
Aysun Məsimova hesab edir ki, hər bir abituriyentin arzusu imtahanlardan yüksək nəticə qazanmaqdır: “Çünki bu nəticə bizi ali məktəbə aparan yoldur. Biz oxuduğumuz illər ərzində məhz bunun üçün çalışırıq. Kaspi Abituriyent Kursları bu istiqamətdə bizə böyük dəstək göstərdi. Peşəkar müəllimlər bizə həm bilik verdilər, həm də mənəvi kömək oldular. Şükür ki, imtahanlarda istədiyimiz nəticəni əldə etdik”.
Düzgün strategiya müəyyənləşdirəndə
Əliyar Zaidov “Bu uğuru qazanarkən əvvəlcə düzgün strategiya müəyyənləşdirib, dərs saatlarımı ayırdım, zəif və güclü cəhətlərimi tapdım, daha sonra bu cəhətlər üzərində çalışmağa başladım”-deyə bildirir: “Bəzən motivasiyadan düşdüm. Bu zaman ailəm, müəllimlərim və dostlarım mənə dəstək oldular. Onlara çox minnətdaram! Fikrimcə, uğur qazanmaq vacibdir, lakin daha vacib olan bu yolu qət edərkən həzz almaqdır. Ailəm başda olmaqla Kaspi hazırlıq kursunun rəhbərliyi və müəllimlər heyətinə təşəkkürümü bildirirəm!”
Əliyarın atası Əlaqə Zaidov övladının uğur qazanması ilə fəxr edir: “Hər zaman oğlumun arxasındayam. Hər bir valideynin övladlarına qarşı arzuları var. Mənim də arzum oğlum Əlyarın gələcəkdə həkim-cərrah olmasıdır. Bu çətin və məşəqqətli yolda əlindən gələn dəstəyi əsirgəməyən Kaspi hazırlıq mərkəzinin Mərdəkan filialının rəhbərliyi və müəllimlərinə təşəkkür edirəm!”
Kaspi Təhsil Şirkəti olaraq bütün abituriyentlərimizə gələcək təhsillərində uğurlar arzulayırıq!
kaspi.edu.az