XƏBƏRLƏR

Yüksək bal toplayan abituriyentlərimizi siz də tanıyın

Abituriyentlər və valideynlər yüksək nəticəyə görə Kaspi Abituriyent Hazırlığı Kurslarına minnətdarlıq edirlər

2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında Kaspi Abituriyent Hazırlığı  Kurslarında təhsil alan abituriyentlər də çoxdur. Onlar Buraxılış və Blok imtahanlarından yüksək bal toplayaraq valideynlərinə və oxuduqları təhsil müəssisələrinə böyük sevinc və qürur hissi yaşadıblar. Onlar “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” şüarını sözün həqiqi mənasında doğruldublar.

kaspi.edu.az olaraq həmin abituriyentlərin siyahısında 600+ bal toplayanları oxucularımıza tanıtmaq qərarına gəldik. Bu gənclərin uğuru təkcə biliklərə yiyələndikləri təhsil müəssisəsini və valideynlərini qürurlandırmır,  həmçinin gələcəkdə ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyan şagirdlər üçün layiqli örnəkdir.

Növbəti beşlikdə yer alan uğurlu abituriyentlərimizi siz də tanıyın:

 

Maral Əlizadə                (Gəncə     -   649.9)

Polad Quliyev                (Əhmədli -   643.4)

David Abdurahmanov  (Qəbələ    -   640.7)

Gülay Kazımzadə          (Xətai       -   639.6)

Songül Adilova               (Qəbələ    -   636.1)

Uğurun ilk şərti

Göygöl rayon Firuzabad qəsəbə tam orta məktəbin XI sinif şagirdi Maral Əlizadə Buraxılış imtahanında 290, Blok imtahanında 360 bal toplamaqla ümumilikdə 650 balla adını uğurlu abuturiyentlərin siyahısına yazdırıb: “İstədiyim ixtisas üzrə təhsil ala biləcəyimə görə çox sevincliyəm. Mənə görə, uğurun ilk şərti öz üzərində çox çalışmaqdır. Hələ ibtidai sinifdə oxuyarkən anam deyirdi: ya oxumalısan, ya da oxumalısan, ayrı yolun yoxdur. Təbii ki, mən də çox həvəsli idim. Heç zaman məktəbə hazırlıqsız getmirdim. Uğur qazanmağımda borclu olduğum insanlar: ailəm və müəllimlərimdir. Ailəm həmişə mənə dəstək olub, hər uğuruma sevinib, kiçik uğursuzluğumda depressiyaya düşməməyim üçün əllərindən gələni ediblər. Hər zaman “sən bacaracaqsan” deyiblər. Müəllimlərim də hər zaman stimul veriblər. İlk novbədə orta məktəb müəllimlərim, daha sonra  “Kaspi” kursundakı əziz müəllimlərim mənə dəstək olublar. Mənə görə, uğurun əsas sirri çox çalışmaq, müəllimlərin hər bir məsləhətinə qulaq asmaq, yuxu rejiminə diqqət etmək və hər zaman sənə inanan insanların əhatəsində olmaqdır. Arzum uşaqlıqdan ingilis dili və digər xarici dilləri öyrənmək olub və bu yolda da inkişaf etməyə çalışacağam. Kaspi Təhsil Şirkətinin bütün müəllimlərinə, xüsusilə mənimlə əziyyət çəkən hər bir müəllimə təşəkkür edir, əllərindən öpürəm. Yaxşı ki, siz mənim müəllimim olmusunuz!”

Maralın anası Azadə Cəbrayılova hər zaman qızı ilə  qürur duyduğunu deyir: “Həmişə inanmışam ki, Maral layiq olduğu uğuru qazanacaq. Bu yolda onun daim dəstəkçisi olmuşam. Özüm də müəllim olduğuma görə övladlarıma həmişə müəllimlərə hörmət hissi aşılamışam. Çox sağ olsunlar, hər zaman sözümü dinləyib, dərslərinə daim diqqətli və hazırlıqlı olublar. Maralın ilk hazırlıq müəllimi özüm olmuşam.10-cu sinifdən isə Kaspi Abituriyent kursuna yönləndirmişəm. Düzgün seçim etdiyimə görə də çox sevinirəm. Maral kursa ilk getdiyi vaxtdan daim irəliləyişinə nəzarət etmişəm. Hər zaman bütün müəllimlərin, xüsusilə Şəfəq müəllimin diqqətini hiss etmişəm. Onunla və Eyvaz müəllimlə daim ünsiyyətdə olmuşuq. Maralın riyaziyyatdan çətinlikləri olurdu, amma Cavid müəllimin xüsusi səyi nəticəsində qızım biliyini artırdı və buraxılış imtahanında bu fəndən 100 bal topladı. Bunun üçün Cavid müəllimə də çox təşəkkür edirəm! Müəllim əməyi danılmazdır. Maralın uğurunda əziyyəti keçən hər kəs sağ olsun! Kaspi kursunun  fəaliyyətindən çox razı qaldım”.

Səbir, əzm və iradə

Polad Quliyev hesab edir ki, imtahanlarda uğurlu nəticə əldə etmək üçün tədris ili boyunca məsuliyyətli olmaq, dərslərə hazırlaşmaq, verilən tapşırıqları yerinə yetirmək lazımdır: “Səbir, əzm və iradə uğur qazanmaqda rol oynayır. Həmçinin valideynlərimə və müəllimlərimə minnətdaram ki, mənə doğru yol göstərdilər, dəstək oldular. Arzum hüquqşünas olmaqdır. Gələcək təhsil pillələrində də yaxşı oxuyub arzuma çatmağı qarşıma məqsəd qoymuşam”.

David Abdurahmanov deyir ki, Qəbələ ARB-da təhsil almağı ona təkcə bilik öyrənmək deyil, eyni zamanda, şəxsi inkişafı və sosial bacarıqlarını inkişaf etdirmək fürsəti yaradıb: “Bu illərdə çoxlu dostlar qazandım və gözəl xatirələrim oldu. İmtahanda yüksək bal toplamağımda müəllimlərimin, valideynlərimin də böyük zəhməti vardır. Uğur qazanmaq üçün daim çalışmaq, heç zaman ruhdan düşməmək lazımdır”.

Müəllimlərimizin zəhmətini unuda bilmərik

Gülay Kazımzadə imtahanlarda uğurlu nəticə qazanmaq üçün məqsədyönlü olmağın lazımlığını bildirir: “Uğur qazanmaq üçün qarşıma məqsəd qoydum. Məqsədimə çatmaq üçün əlimdən gələni etdim. Bu yolda mənə ailəm, müəllimlərim çox dəstək oldu. Xüsusi ilə müəllimlərimə çox minnətdaram, bizimlə bir şəxsiyyət kimi davranıb, daima hər birimiz üçün əllərindən gələni etdilər. Mənim arzum həkim olmaqdır. Peşəkar həkim olmaq üçün bundan sonra da hazırlıqlarımı məsuliyyətlə davam etdirəcəyəm”.

Songül Adilova yüksək bal toplamaqda əsas səbəbi dərslərinə daim məsuliyyət hissi ilə yanaşmasında və çalışqanlığında görür: “Təhsilimi daim ön planda tutmuşam. Hər zaman dərslərimi nizamlı şəkildə oxumuşam. Heç vaxt həvəsdən düşməmişəm. Oxuduğum məktəbdə və Kaspi kursundakı müəllimlərimiz daim bizimlə məşğul olub, bilik öyrədiblər. Onlar həmçinin bizə düzgün yol seçməyi öyrədiblər. Müəllimlərimizin zəhmətini heç zaman unuda bilmərik”.

kaspi.edu.az

25.07.2024