Kaspi Təhsil Kompleksi Sumqayıt filialı fəaliyyətini genişləndirdi
Kompleksin açılış tədbiri və Açıq Qapı günü keçirilib
“Kaspi Təhsil Şirkəti ölkəmizdə təhsilin inkişafına, onun müasir tələblərə cavab verməsinə öz töhfəsini verməkdədir. Təhsil müəssisəsi “Mükəmməl milli təhsil amalımızdır” şüarı ilə fəaliyyətini genişləndirməkdə, ölkə təhsilinə peşəkar səviyyədə xidmət etməkdədir”. Kaspi Təhsil Kompleksi Sumqayıt filialının açılış tədbiri və Açıq Qapı günündə səslənən bu fikirlər eyni zamanda, Kaspi Təhsil Şirkətinin fəaliyyət tarixinə və gələcək inkişaf istiqamətlərinə baxış imkanı yaratdı.
kaspi.edu.az xəbər verir ki, tədbirdə Vətən torpaqlarımızın azad edilməsi uğrunda müharibədə canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin, Sumqayıt Dövlət Universitetinin və şəhər Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, yüksək nəticə göstərən məzunlar və onların valideynləri və digər qonaqlar iştirak etdi.
Tədbirin aparıcısı Hürzad Vəliyeva Kaspi Təhsil Şirkətinin fəaliyyəti haqqında qonaqlara məlumat verərək bildirdi ki, milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan, Dürüstlük, Etibarlılıq, Hörmət, Məsuliyyət və Mükəmməllik dəyərlərini seçən Kaspi Təhsil Şirkətinin 2007-ci ildən bəri fəaliyyət göstərir: “Şirkətin missiya və məqsədi yaşından asılı olmayaraq hər kəsə keyfiyyətli təhsil xidməti verməklə sağlam düşüncəli və uğurlu fərdləri yetişdirərək cəmiyyətimizin inkişafına töhfə verməkdir. Şirkət Kaspi liseyləri, Kaspi Beynəlxalq Məktəbi, Kaspi Abituriyent, Kaspi Uşaq bağçaları, Kaspi KİDS, Kaspi Etüd, Kaspi Global, Kaspi Polyglot (xarici dillərin tədrisi) və digər məhsullarını ictimaiyyətə təqdim edir”.
Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva qonaqları salamlayaraq çıxışına Ulu Öndər Heydər Əliyevin təhsillə bağlı fəlsəfi fikrindən başladı: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Milli düşüncəli övladlar yetişərsə, o xalq inkişaf edəcək”. Təsisçi rəhbərlik etdiyi müəssisənin bir çox uğurlara imza atdığını diqqətə çatdırdı: “Kaspi Təhsil Şirkəti fəaliyyətə başladığı vaxtdan etibarən hər il ictimaiyyətin qarşısında gördüyü işlərlə bağlı hesabat verir. Kaspi öz fəaliyyəti ilə həm də dövlətin təhsil siyasətinə dəstək olur. Kaspi fəaliyyətə başladığı gündən bir çox layihələrə imza atıb, qısa müddətdə təhsil şirkəti statusunu alıb. Biz bu status sayəsində şirkətin şəbəkəsini genişləndirdik, xeyli abituriyent sayına malik olduq. Təhsil müəssisəmizdə abituriyentlərin təhsili üçün rahat şərait yaradılıb. İlk olaraq yalnız xarici dil kursu ilə fəaliyyətə başlayan “Kaspi” Tədris Mərkəzi indi xarici ölkələrin nüfuzlu ali məktəblərinə yüksək səviyyəli tələbələr də hazırlayır. Mərkəzi bitirən gənclərin əksəriyyəti ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, Türkiyə, Rusiya və s. ölkələrin müxtəlif universitetlərində təhsil alırlar. Həmin uğurlar bundan sonra da davam etdiriləcək”.
Sumqayıt şəhər İcra Hakimiyyəti şöbə müdirinin müavini Fərman Kazımov vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan təhsilinin inkişaf siyasəti möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə davam etdirilir: “Ölkəmizin intellektual potensialı gün-gündən artır və Azərbaycan təhsili beynəlxalq standartlara uyğun hala gətirilir”.
Kaspi Təhsil Şirkətinin Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev qeyd edib ki, 15 ildən çoxdur ki, Kaspi Abituriyent xidməti ölkə ictimaiyyətinə uğurla xidmət edir və bu illər ərzində 10000-dən çox Kaspi məzunu “tələbə” adını qazanıb. Abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanlarına effektiv hazırlaşmaq və valideynlər övladlarının gələcəyinin təməlini qoymaq üçün Kaspi Abituriyent kurslarını seçə bilər”.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər və onların valideynləri Kaspi Təhsil Şirkətinin müəssisələrində həyata keçirilən yüksək təhsildən və qayğıdan danışıblar. Sumqayıt filialını yüksək nəticə ilə bitirən Cəmşid və Cəmil Cəmaləddinlinin anası Kaspi Abituriyent kurslarının yüksək peşəkar təhsilindən danışdı: “Böyük oğlum Cəmşid 663 balla Azərbaycan Diplomatik Akademiyanın, Cəmil 685 balla Bakı Ali Neft Məktəbinin kompyuter fakultəsinə daxil olub. Onların hər ikisi Kaspi Abituriyent kurslarını bitiriblər. Övladlarımın uğur qazanmasına görə Kaspi Abituriyentin peşəkar müəllim heyətinə minnətdarlıq edirəm!”
Kaspi Təhsil Kompleksi Sumqayıt filialının rəhbəri Vasif Əliyev məlumat verdi ki, Kaspi Sumqayıt filialı 2014-cü ilin fevral ayından etibarən fəaliyyətə başlayıb. Belə ki, ilk olaraq Təhsil Mərkəzində “Kaspi Poliqlot” xarici dillərin tədrisi kursu və “Kaspi Kids” məktəbəqədər hazırlıq kursu şəhər sakinlərinin xidmətinə verilib: “Daha sonra həmin ilin sentyabr ayından etibarən “Kaspi Abituriyent” - 9-11-ci sinif şagirdlərinin və əvvəlki illərin məzunlarının ali təhsil müəssisələrinə Qəbul imtahanlarına hazırlıq kursu fəaliyyətə başlayıb: “Həmçinin, 2018-ci ildən Sumqayıt şəhərində “Kaspi Uşaq Bağçası” fəaliyyətə başladı. 2024-cü ildə Kaspi Sumqayıt filialı və Kaspi Uşaq Bağçası birləşərək “Kaspi Təhsil Kompleksi”-nə çevrildi”. Mərkəzdə “Kaspi Məktəbli” – V-VIII sinif şagirdlərinin fənlər üzrə hazırlığı və “Kaspi ETÜD” – I-IV sinif şagirdləri üçün Ev Tapşırığı Üzrə Dəstək xidmətlərinə də start verilib. Bununla da Uşaq Bağçası, Məktəbəqədər hazırlıq, Məktəbli və Abituriyent hazırlığı kimi geniş təhsil perspektivləri eyni məkanda birləşdirildi. Fəaliyyətimizi uğurlu nəticələrlə davam etdiririk”.
Qeyd edildi ki, Kaspi Abituriyent hazırlığı kurslarına Qəbul imtahanı 26 May tarixində məhz yeni məkanda keçiriləcək. Biletləri Kaspi Təhsil Kompleksinin Sumqayıt filialından və eləcə də onlayn şəkildə www.kaspisinaq.com saytından əldə etmək olar. İmtahanda iştirak edən abituriyentlər nəticələrinə uyğun olaraq Ödənişsiz Təhsil, Endirimlər və Kaspi Təqaüdü qazana biləcəklər! Son qeydiyyat tarixi: 24 may 2024-cü ildir.
Tədbirdə xüsusi qonaqların iştirakı ilə müəssisənin lent kəsimi keçirilib. Qonaqlar müəssisənin binası ilə tanış olub, otaqlara baxış keçiriblər. Sonda qonaqlara hədiyyələr təqdim olunub.
kaspi. edu.az