Kaspi Liseyinin müəllimi Avropa çempionu oldu
Samir Məmmədov Şotakan karate növü üzrə bütün rəqiblərinə qalib gəlib
Kaspi Liseyinin Fiziki Tərbiyə Fənn Rəhbəri Samir Məmmədov növbəti uğurunu qazanaraq karate üzrə Avropa çempionu kimi adını idman tariximizə yazdırıb. Karate ustası Macarıstanda keçirilən Avropa Çempionatında 1-ci yeri qazanaraq kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənc idmançının bioqrafiyasına nəzər salanda yarışlarda nailiyyətlər qazanması böyük qürur doğurur.
S.Məmmədov dəfələrlə Respublika çempionu, beynəlxalq yarışların qalibi olub. Keçən il dünya çempionu mükafatçısı, həmçinin Yunanıstanın Afina şəhərində keçirilən yarışda Avropa çempionu adını qazanıb.
Karate ustası kaspi.edu.az-a açıqlamasında bildirdi ki, idmanın bu növü ilə uşaqlıqdan məşğul olur: “7 yaşımdan və bu günə qədər karate ilə məşğulam. İdmansız həyatımı təsəvvür edə bilmirəm, çünki hər şey idmana bağlıdır - iş və həyat tərzim”.
S.Məmmədov ona Avropa çempionu adını qazandıran sonuncu yarışdan danışır: “Macarıstanın Debrecen şəhərində Şotokan karate növü üzrə Avropa çempionatı keçirildi. Mən 80 kq çəki dərəcəsində 5 döyüş keçirərək çempion oldum. İlk rəqibim ukraynalı olsa da əslən erməni idi. 2-ci rəqibim macar, 3-cü rumın, 4-cü isə bolqar idi. Finalda isə Moldovadan olan rəqibimə qəlib gələrək birinci yeri qazandım. Bayrağımız qalxanda və Himnimiz səslənəndə böyük qurur hissi yaşadım. Bu hissləri sözlə təsvir eləmək çətindir...”
S.Məmmədov deyir ki, çempion olmaq həm qürurverici, həm də məsuliyyətli hissdir: “Çünki yarışlarda tək özümü yox, xalqımızı və Azərbaycanı təmsil edirəm. Hər yarışda bu məsuliyyəti hiss edirəm. Bu məsuliyyət adamı daha da əzmkar edir və qələbə qazanmağa ruhlandırır”.
S.Məmmədov hesab edir ki, yarışlarda qalib olmaq, çempionluq zirvəsinə yüksəlmək üçün idmançıdan ilk növbədə nizam-intizam tələb olunur: “İdmançı istənilən məşqi etməlidir. Təbii ki, çətinliklər də olur. Heç nəyə baxmayaraq motivasiyamız olmalı, məşqimizə davam etməliyik. Yarışlara qatılmaq və qələbə qazanmaq üçün ruh yüksəkliyi mütləqdir”.
S.Məmmədov peşəkar idmanla yanaşı, müəllim kimi də fəaliyyətini davam etdirir. Hal-hazırda Kaspi Ağ Şəhər Liseyində çalışır: “Mən həm də sinif rəhbəriyəm və şagirdlərim 9-cu sinifdə oxuyurlar. Onlar buraxılış imtahanından keçiblər, fürsətdən istifadə edib hər birini təbrik edirəm! Hər zaman çalışmışam ki, şagirdlər idmanı sevsinlər, professional idmançı olmasalar belə, öz sağlamlıqlarını düşünsünlər və formada olsunlar. Onları həmişə bu istiqamətdə motivasiya edirəm. Hər bir zəhmətin arxasında mütləq uğur var”.
kaspi.edu.az