Bu gün Torpaq Çərşənbəsidir
2024-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib
Bu gün Novruzun axırıncı çərşənbəsi - Torpaq Çərşənbəsidir. Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsi xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də adlandırılır. Bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır və əkinə, toxum səpininə hazır olur. Torpaq çərşənbəsi özünün təntənəsi, ayin və inancları ilə digər çərşənbələrdən seçilir.
Yazın gəlişi ilə əlaqədar ilaxır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, insanlar odun üstündən hoppanırlar. Tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir. İnanca görə, ilaxır çərşənbədə təzə paltar geyinmək uğur gətirər, küsülülər barışar. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır.
Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Xatırladaq ki, 2024-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Bu istiqamətdə, hər birimiz təbiətimizin dostu olmaqla, karbon emissiyasını azaltmaq üçün, fərdi avtomobillərdən istifadəni azalda bilər, ictimai nəqliyyatdan istifadə edə bilərik. Eyni zamanda, qısa məsafəli səyahət üçün, piyada, velosiped ilə və ya digər elektromobillərlə hərəkət edə bilərik.
Torpaq Çərşənbəniz mübarək!
kaspi.edu.az