XƏBƏRLƏR

Kaspi Nərimanov Filialı tədrisin keyfiyyətini artırmaq üçün daim yeniliklər tətbiq edir

Filialda Psixoloq və Loqoped xidmətləri də fəaliyyətə başlayıb

Kaspi Nərimanov Filialı uşaqların intellektual, fiziki, psixoloji və sosial-emosional inkişafının əldə edilməsində, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynayır. Filial həmçinin uşaqlarda müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasına öz töhfəsini verir.

kaspi.edu.az-a müsahibəsində filialın direktoru Vəfa Ağasiyeva filialın hazırkı fəaliyyətindən və gələcək planlarından danışıb:

- Vəfa müəllimə, ötən tədris ili filial üçün hansı uğurlarla yadda qaldı?

 - Hər bir tədris ili kimi ötən tədris ili də filialımız üçün uğurla başa çatdı. Kids-lərimiz illik proqramı müvəffəqiyyətlə mənimsədilər və ilin sonunda Kaspi Kids sertifikatı ilə təltif olundular. Ötən tədris ilində bizim İngilis dili dərnəyimiz fəaliyyətə başladı. İngilis, rus və şahmat dərnəklərində məşğul olan uşaqlarımız illik proqramı tam mənimsəyib sertifikata layiq görüldülər.                                                                                                                                                                                 Kids-in məzunları Azərbaycan, rus və ingilis bölmələri üzrə  liseylərə və orta məktəblərə müsahibə və imtahandan uğurla keçdilər. Bu da böyük valideyn məmnuniyyətinə səbəb oldu.

-Hazırkı tədris ilinə hansı yeniliklərlə davam edirsiniz?

-Bu il filialımızda İngilis bölməsi üzrə 4-5 və 5-6 yaş qrup uşaqların beynəlxalq kurikuluma əsaslanaraq 7 inkişaf sahəsi üzrə məktəbəqədər hazırlığına start verildi. Bundan başqa bu il filialımızda Psixoloq və Loqoped xidmətləri də fəaliyyətə başlayıb.

-Filialda təlim-tədris prosesinin üstünlükləri hansılardır?

-Filialımız tərəfindən təlim-tədris prosesində baş verən bütün yeniliklər izlənilir. Müəllimlərimiz tədrisin keyfiyyətinin artırılması üçün müxtəlif seminar və təlimlərdə iştirak edirlər. Bu da təlim   prosesinin yüksək səviyyədə tədris olunmasına  zəmanət verir. Filialda hər ay üçün keçirilən yoxlamalar hər bir uşağın dərslərini necə mənimsəməsini aşkara çıxarmağa imkan verir. Hər bir uşağa fərdi yanaşılır. Problemli situasiyalar yarandıqda rəhbərlik, müəllim loqoped və psixoloqlarla müzakirə aparılır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün fərdi proqram hazırlanır və onlarla xüsusi məşğul olunur.

-Şagirdlərin sosial fəaliyyəti üçün dərsdənkənar hansı fəaliyyətlər həyata keçirirsiniz?

-Müasir dövrdə uşaqların asudə vaxtının telefon və kompüterlərin arxasında daha çox keçirməsi onların sosiallaşmasında problemlər yaradır. Bu da onların gələcək həyatlarında müxtəlif maneələrə gətirib çıxara bilər. Bizim tədris ili üçün tədbirlər planımız var və buna əsasən hər ay üçün müxtəlif sosial tədbirlər keçiririk. Novruz şənliyi, müxtəlif yarışmalar, viktorinalar və s. keçirilməsi nəzərdə tutulub. Həmçinin uşaqları zooparka gəzintiyə, kukla teatrına aparmaq da dərsdənkənar fəaliyyətə daxildir.

-Filialınızda valideynlərlə əməkdaşlıq necə qurulur?

-Valideynlərlə ayda bir dəfə iclas nəzərdə tutulub. Bundan başqa hər həftə sonu müəllimlər valideynlərlə görüşür, uşaqlar barəsində həftəlik məlumat verilir. Hər günün sonunda dərsə gəlməyən uşaqların valideynləri ilə əlaqə saxlanılır, övladları haqqında məlumat alınır. Psixoloq və loqopedlərimiz ilə birlikdə valideynlər üçün iclas və görüşlər təşkil olunur. Valideynləri maraqlandıran suallarla bağlı əməkdaşlar ətraflı məlumat verirlər. Filialda valideyn-müəllim-uşaq üçbucağını hərtərəfli qurmağa çalışırıq.

-Fəaliyyətinizdə uğurlar arzulayırıq!

Kaspi.edu.az

15.01.2024