XƏBƏRLƏR

"Məqsədimiz uşaqlara sevgi verməkdir"

Kaspi Ağ Şəhər Liseyində Klubların 1-ci Hesabat tədbiri keçirilib

“Məktəbin ən yaxşı fəaliyyətlərindən biri gələcəyin qurucusu olan insanları biliklə bərabər, bacarıqlı və qabiliyyətli böyütmək, içlərində olan gizli istedadı üzə çıxarmaq və düzgün istiqamətləndirməkdir”. Kaspi Ağ Şəhər Liseyində keçirilən "Yeni ilin rəngləri" adlı Klubların 1-ci Hesabat tədbirində səslənən bu fikirlər həmçinin təhsil müəssisələrinin şagirdlərin təlim-tərbiyəsi ilə yanaşı, sosiallaşmasında oynadığı müstəsna rolu bir daha nümayiş etdirib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il motivləri əsasında təşkil olunan mərasimdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, valideynlər və ötən illərin məzunları da iştirak edib.

Kaspi.edu.az xəbər verir ki, Liseyin 43 klubu və 150-dən çox şagirdi tədbirə qatılıb. Tədbirin 1-ci hissəsində qonaqlar şagirdlərin əsərlərindən ibarət sərgini izləyiblər. Sərgidə “Müalicəvi gimnastika”, “Gənc tədqiqatçılar”, “Futbol”, “Conversation club”, “Robojunior”, “Robosenior”,  “Ağıllı origami”, “Kiçik aşpaz”, “Naxış”, “Kitabsebərlər”, “Beyin gimnastikası”, “Bacarıqlı əllər”, “Kiçik aşpazlar”, “İntellekt”, “Rəsm” klubları öz əl işlərini nümayiş etdiriblər.

Tədbirin ikinci - səhnə hissəsində isə Liseyin xor, teatr, rəqs, karate, gitara, kapoeyra, uşu, gimnastika klubları iştirak ediblər.

Uşaqlarımıza olan SEVGİ

“Şagirdlərə bilik, savad vermək, elm, təhsil öyrətmək məktəbin bilavasitə borcudur”- deyə Kaspi Təhsil Şirkəti İdarə Heyətinin sədri Sona Vəliyeva  qonaqları salamlayaraq qeyd etdi ki, məktəbin ən yaxşı işlərindən biri gələcəyin qurucusu olan insanları biliklə bərabər, bacarıqlı və qabiliyyətli böyütmək, içlərində olan gizli istedadı üzə çıxarmaq və düzgün istiqamətləndirməkdir”. S.Vəliyeva Kaspi liseylərində müxtəlif istiqamətli klubların fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Əksər klubların məqsədi uşaqların içində olan qabiliyyətlərini, maraqlarını üzə çıxarmaqdır. Bizim siniflər üzrə müəllimlərimiz, sosial tədbirlərin təşkilatçıları uşaqların qabiliyyətlərini daim izləyir və onlara lazımı məsləhətlər verirlər. Bütün bu məsələlərin kökündə uşaqlarımıza olan sevgi durur. Bizim məqsədimiz uşaqlara sevgi verməkdir. Biz bu sevgini daim uşaqlardan alırıq və yenə də onlara ötürürük. Bu dünya sevgi üzərində qurulub. Övladlarımıza olan sevgi isə onlara özgüvən verir. Sevilməyini dərk edən uşaqlar özgüvənli olurlar. Mən dünyanın bütün uşaqlarına sevgi ilə böyümələrini, özgüvən olmalarını arzulayıram. Allah dünyanın bütün uşaqlarını qorusun!” S.Vəliyeva tədbirdə iştirak edənləri 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib: “Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl  bayramı münasibətilə hamınızı təbrik edir, ölkəmizə firavanlıq və daim sülh şəraitində yaşamağı arzulayıram!”

Liseydə yeni yaranan “Şagird parlamenti”ni iştirakçılara təqdim edən Ağ Şəhər Liseyinin direktoru Rəqsanə Məmmədova qrupun fəaliyyəti haqqında məlumat verib.

İbtidai siniflər üzrə direktor müavini Mahirə Hüseynova “Şahmat” və “Tennis” turnirlərinin qaliblərinə sertifikatlarını təqdim edib.

Liseyin Xor, Teatr klublarının ifaları, Rəqs klubu üzvlərinin dünya rəqsləri, xoreoqrafiya nümunələri, karate və uşi klublarının məharətləri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, şagirdlərin dərsdənkənar asudə vaxtlarının səmərəli təşkil olunmasında, onlarda sosial fəaliyyətin inkişafında böyük rol oynayan belə tədbirlərin təşkili tədris ili boyunca davam edəcək.

Kaspi.edu.az

28.12.2023