XƏBƏRLƏR

"Valideynlik sənətinin incəsənəti" adlı II Valideyn Konfransı keçirilib

Kaspi Təhsil Şirkəti valideyn və uşaqlara yönəli tədbirləri davam etdirir

Kaspi Təhsil Şirkəti tərəfindən “Valideynlik sənətinin incəsənəti” adlı II Valideyn Konfransı keçirilib. Holiday İNN Hotelin Ball zalında keçirilən konfrans azyaşlı uşaqların valideynləri üçün nəzərdə tutulub. Artıq ikinci ildir baş tutan konfransın keçirilməsində məqsəd valideynlərə övladlarının inkişaf mərhələlərini daha yaxşı anlamağa kömək etmək və onları insan həyatının ən vacib dövrü olan uşaq inkişafının əsasları və mühüm mərhələləri ilə tanış etməkdir.

Konfransda torpaqlarımızın azadlığı uğrunda şəhid olan övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Yaxşı valideyn olmaq üçün

“Bugün bu konfransın təşkilində daha qürurlu və məğruruq. Çünki bu il Qarabağın tam azadlığı təmin olunub. Artıq yetişən yeni nəsillərimiz bütöv Azərbaycanın övladları olaraq böyüyürlər”- deyə tədbirin aparıcısı Hürzad Vəliyeva  qonaqlara məlumat verib ki, milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan Kaspi Təhsil Şirkəti lisey, abituriyent, bağça, məktəbəqədər təhsil, xaricdə təhsil kimi məhsulları ilə 2007-ci ildən bəri xidmət göstərir. Kaspi Təhsil Şirkətinin məktəbəhazırlıq bölməsi olan Kaspi Kids 2011-ci ildən fəaliyyətə başlayıb. Hal-hazırda Kaspi Kids məktəbə hazırlıq proqramı 10 filial və 5 nümayəndəlikdə tədris olunur. “Uğurlu gələcəyin başlanğıc nöqtəsi” şüarı ilə fəaliyyət göstərən Kaspi Uşaq Bağçaları 2014-cü ildən bəri 5 filialla valideynlərin xidmətindədir. “Ailə cəmiyyətin aparıcı qüvvəsi olan vətəndaşlar yetişdirir, milli-mənəvi dəyərlər sistemini formalaşdırır, sosial münasibətlərin tənzimləyicisi rolunda çıxış edir. Bu gün hər bir valideyinin üzərinə böyük məsuliyyət düşür. Yaxşı valideyn olmaq üçün tək uşaqları sevmək kifayət etmir. Sevgi ilə yanaşı, onlarla düzgün davranmaq üçün həm müdriklik, həm ağıl, həm də təcrübə və bacarıq tələb olunur. Biz də Kaspi Təhsil Şirkəti olaraq valideynlərimizdə bu xüsusiyyətlərin daha yaxşı formalaşmasını təmin etmək üçün öz üzərimizə düşən sosial məsuliyyətləri icra etməyə çalışırıq”- deyə qeyd edilib.

Övladlarımızla birgə gedən yol

“Şirkətimiz daima yeniliklərə imza atır və təqdim etdiyi təhsilin daha keyfiyyətli və səmərəli olması üçün çalışır”- deyə Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin üzvü və Konfransın təşkilati rəhbəri Əli İsgəndərov qonaqları salamlayaraq bildirib ki, bu aspektdə uğurlu addımlardan biri də 3 may 2023-cü il tarixində Kaspi Təhsil Şirkəti və Special Kids reabilitasiya mərkəzlərinin tərəfləri arasında əməkdaşlıq anlaşmasının imzalanmasıdır: “Əməkdaşlıq çərçivəsində bağça və məktəbəqədər hazırlıq müəssisələrində xüsusi ehtiyacları olan uşaqlara müxtəlif xidmətlərin göstərilməsi, həmçinin müəllim heyəti üçün mütəmadi olaraq təkmilləşdirmə təlimlərinin keçirilməsi həyata keçirilir”. Ə.İsgəndərov qeyd edib ki, valideynlik  çox incə sənətdir və hər bir valideyn bu sənətin incəliklərinə yiyələnməlidir: “Bu, övladlarımızla birgə gedən yoldur. Biz də bu yolda onlarla bərabər yürümək üçün daim öz üzərimizdə işləməliyik. Biz övladlarımızın təhsilinin qayğısına qalır və onlara tərbiyə veririk. Müəllimlər təhsilə nə qədər cavabdehdirlərsə, biz də valideyn kimi o qədər məsuliyyət daşıyırıq. Bu baxımdan, ümid edirik ki, bu konfrans həm valideynlər, həm də müəllimlər üçün faydalı olacaq”. İH üzvü konfransın ərsəyə gəlməsində göstərdiyi təşkilata dəstəyə görə Special Kids Reabilitasiya Mərkəzinə, Proqres Sosial İnkişaf Təşəbbüsləri İctimai Birliyi “Progress Club”-a təşəkkürünü bildirib.

Sosial həyat üçün töhfə

Konfransın təşkilində dəstək göstərən sponsorlar sırasında baş sponsor kimi “KHANİ+Quliyev” şirkəti, “KOMFY” Şirkəti, “Almond Cake and Bakery” şirniyyat mağazaları, “Şanlıurfa” restoranın adları yer alıb.

“Xani-Quliyev” Şirkətinin həmtəsisçisi Elfaq Hacızadə çıxış edərək bu tip tədbirlərin sosial həyatımızda mühüm rol oynadığını qeyd edib: “Valideynlərə və uşaqlara yönəli tədbirləri daim təşkil etməyin böyük əhəmiyyəti var. Bunlar sosial həyat üçün böyük töhfədir”.

KTŞ-nin İH-nin üzvü Aydın Əliyev qeyd edib ki, bu tip tədbirlər valideynlərin məsuliyyətini artırır: “Valideynlər özləri də məlumatlanır və övladlarına daha həssas yanaşır, uşaqlarının fiziki sağlamlığının, təhsilinin qayğısına daha savadlı qalırlar”.

Məktəbəqədər dövrdə vacib şərtlər

Panellərlə davam edən konfransda moderatorluğu həkim-psixiatr, Dr. Orxan İsgəndərov edib.

Təhsil Eksperti İlahə Rəsulova “Azyaşlı uşaqlarda anlama bacarıqlarının inkişafı” mövzusunda çıxış edərək qeyd edib ki, anlamaq bacarığı çox mürəkkəbdir: “Bu bacarıqların uşaqlarda erkən yaşda inkişafı çox vacibdir. 4-5 yaşlı uşaqların beyninin inkişafı məhz bu dövrdə onların düzgün inkişafına səbəb olur”. Məktəbəqədər dövrdə oxunun vacibliyndən danışan ekspert bildirib ki, oxuyub anlamada həmçinin aktiv kitab oxuma vərdişi çox vacibdir: “Evdə mühitin təsiri usağın oxuyub anlamasına kömək edir. Şagirdlərin hərfləri tanıması, sözləri oxumaq bacarığı, valideynin uşağa hekayə oxuması və evdə kitabın çoxluğu uşağa təsir edir. Uşaqların sevməsi üçün evdə kiçik məişət əşyalarının olmasının da təsiri var”.

“Uşaq sağlamlığında qidanın rolu, doğru bildiyimiz yanlışlar” mövzusunda çıxış edən həkim-pediatr Aytən İsmayılzadə uşaqların qidalanmasının şərtlərindən danışıb: “Qidalanma geniş mövzudur. Uşağın fiziki formalaşması, həmçinin təhsildə inkişafı üçün necə qidalanması mühüm amildir. Uşağın böyüməsində immunitetin rolu əsasdır”. 

Həkim Psixiatr Vəfa Şirinova “Spesifik öyrənmə çətinlikləri” mövzusunda çıxış edərək uşaqların öyrənməsində qarşılaşdıqları çətinliklərdən danışıb: “Oxumada, yazmada, hesablamada və qavramada olan çətinliklərin qarşısının alınması üçün xüsusi metodlardan istifadə olunmalıdır. Uşaqları musiqi dərslərinə cəlb etmək, oyun oynamaq və idmana yazdırmaq bi problemlərin qarşısını almaqda kömək edir”.

Konfransda həmçinin psixoloq Leyla Şamilova “Oyun və oyuncaqların uşaq inkişafında rolu”, “BD” Kids məktəbinin təsisçisi Elvira Bağırovanın “Azyaşlı uşaqlara vacib erkən maliyyə savadı”, İnfluencer Fəridə Ayazın “Ailə dili, təhsil dili- Balansı necə qorumaq olar?” mövzularında çıxışları maraqla qarşılanıb.

Konfrans boyunca müzakirələrdə valideynlər də fəallıq göstərib. İnteraktiv keçən konfransda onları maraqlandıran suallar da cavablandırılıb. 

Tədbirdə spikerlərə aktiv fəaliyyətlərinə görə plaketlər təqdim olunub. İştiraskçılar arasında lotoreya oyunu keçirilib və qaliblər hədiyyələr qazanıb.

Qeyd edilib ki, “Valideyn Sənətinin İncəsənəti” adlı  Valideyn Konfransı silsilə xarakter daşıyacaq və  davamlı olaraq hər il keçiriləcək. Növbəti konfranslar isə yaş dövrləri və əhatə etdiyi mövzulara görə dəyişəcək.

Kaspi.edu.az

07.12.2023