XƏBƏRLƏR

Filial üçün qürurverici, həyəcanlı və uğurlu bir tədris ili!

Kaspi Mikrorayon filialı təhsil yeniliklərinin ünvanı kimi

Kaspi Mikrorayon filialı mühüm nailiyyətlər əldə etməkdədir. Filial həm təlim və təhsil səviyyəsinə, həm imtahan nəticələrinə görə təhsilimizə yeni töhfələr verməkdə davam edir.

Filialın rəhbəri Rəşad İsmayılzadə kaspi.edu.az-a müsahibəsində məktəb-müəllim-şagird əlaqəsinin qurulmasından, pedaqoji heyətin hazırlığından, şagirdlərin dərsə münasibətindən və bilik və bacarıqlara yiyələnməyə həvəslərindən danışıb.

-Rəşad müəllim, ötən tədris ili filial üçün hansı uğurlarla yadda qaldı?

-Ötən tədris ilə bağlı qeyd olunmalı məqamlar həddən artıq çoxdur. Məzunlarımızın uğurları və ümumi mənada filial üçün qürurverici, həyəcanlı və uğurlu bir tədris ili olduğunu deyə bilərəm. Sentyabr ayında “Kaspi Kids” (məktəbəqədər təhsil) xidməti üzrə təhsil alan 100-dən artıq şagirdimiz təhsilin ilk pilləsinə bizimlə başladı. Tədris ilinin sonunda isə həm Azərbaycan, həm də Rus bölməsi üzrə məzunlarımız valideynlərinin seçdiyi istənilən orta məktəbə yüksək göstəricilərlə daxil oldu. Lakin burada qeyd etmək istədiyim məsələ təkcə şagirdlərimizin bilikli və savadlı olmaları deyil, həmçinin milli-mənəvi dəyərlərə yiyələnmiş, gələcəkdə insanlığa töhfə verə biləcək fikir sahiblərinin bizimlə formalaşmasıdır.

“Kaspi Məktəbli” xidmətimiz üzrə şagirdlərimiz üçün də ötən il əhəmiyyətli və qürurverici il oldu. Belə ki, 5-8-ci sinif şagirdləri təhsil ili ərzində müxtəlif fənlərlə bağlı çətinliklərinin öhdəsindən gəlməklə və peşəkar mütəxəssislərimizlə konsultasiyalarda iştirak etməklə gələcəkdə seçəcəkləri ixtisaslarla bağlı qərarlar verdilər.

“Kaspi Etüd” xidmətində təhsilini davam etdirən ibtidai sinif şagirdlərimiz həm çalışqanlıqları, həm də qazandıqları uğurlarla bizi sevindirməyi bacardılar. Müxtəlif orta məktəb, lisey və gimnaziyalarda təhsil alan 1-4-cü sinif şagirdlərimiz ötən təhsil ili ərzində bizi qazandıqları 4 olimpiya medalı ilə sevindirdilər.

-Şagirdləriniz sizin etimadınızı doğrultdularmı?

-Hər kəsə məlumdur ki, ölkəmizdə elə ali, orta məktəblər, lisey və gimnaziyalar var ki, ora daxil olmaq xüsusən çətindir. Məncə bizim şagirdlərimizin həmin təhsil ocaqlarında öncül yer tutması etibarımızı və gözləntilərimizi doğruldur. Lakin biz bununla kifayətlənməyib yola saldığımız məzunlara abstrakt düşüncə, kreativ yanaşma, innovasiyalara meyillilik və s. kimi kompitensiyaları ötürə bilmişik. Hər il əvvəlki illərdə olan məzunlarımızın uğurlarını özləri və valideynləri ilə birlikdə qeyd etmək gələcək üçün ümidvericidir.

-Hazırkı tədris ilinə hansı yeniliklərlə start vermisiniz?

- Təhsildə yeniliklərdən danışmamaq yəqin ki, ən böyük səhv olar. Bu il üçün açıqlaya biləcəyim bəzi yenilikləri sadalaya bilərəm:

“Kaspi Məktəbli” xidmətimizdə bu ildən proqrama yeni fənnlər əlavə etməklə yanaşı, qiymətləndirmə metodunda və imtahanlarda da artıq yeniliklərin daha effektiv olduğunu müşahidə edirəm.

“Kaspi Kids” xidməti üzrə təhsildə isə bəzən uşaqlarımızın psixoloji və loqopedik yardıma, xüsusi yanaşmaya ehtiyacı olur. Bu səbəbdən yeni təhsil ilindən artıq şagirdlərimizin diaqnostik yoxlamaları aparılır və valideynlərlə işlənilir. İbtidai siniflərin təhsilində yeniliyimiz onlarda artıq biznesin əsasları, maliyyə savadlılığı kimi ixtisasından asılı olmayaraq hər kəsə lazım ola biləcək xüsusi modulların tədris olunmasıdır. Fikrimcə, strateji əhəmiyyətli digər yenilikləri isə tədris prosesində birlikdə görəcəyik.

-Filialdakı təlim-tədris prosesinin üstünlükləri  nələrdir?

-Bizim insanlarımıza verdiyimiz məhsul mücərrəd olduğu üçün düşünürəm ki, ən böyük üstünlüyümüz peşəkar, öz peşəsini sevən, uğur qazanmağa meyilli olan kadrlarımızdır. Lakin digər üstünlüklərimizi sadalamaq lazım olarsa, uşaqların təhlükəsiz, sağlam mühitdə tədrisi, istənilən əməkdaşımızla istənilən vaxt tədrislə bağlı məsləhətlər almaq şəraiti, mehriban mühitdə oxumaq hissi və s. imkanları yaratdığımızı düşünürəm.

-Şagirdlərin sosial fəaliyyəti üçün dərsdənkənar hansı fəaliyyətlər həyata keçirirsiniz?

-Sosial fəaliyyətlər təhsilin ayrılmaz parçasıdır. Burada hansı fəaliyyətin seçilməsi çox məsuliyyətli işdir. Müxtəlif gəzintilər, ekskursiyalar, yarışlar və bayram tədbirləri hər il həm bizim, həm də valideynlərin və uşaqların diqqət mərkəzində olur. Deyərdim ki, sosiallaşmaq uşaqların gələcək həyatlarında təhsil qədər önəmli faktordur. Bütün bunları nəzərə alaraq, hətta yenilik kimi deyə bilərəm ki, qarşıdakı aylarda bu məsələlərlə bağlı yeniliklərimizlə də bütün şagird və valideynlərimizi sevindirə biləcəyik.

-Valideynlərlə əməkdaşlıq necə qurulur?

-Valideynlər, xüsusilə aşağı yaş kateqoriyalarında təhsil üçbucağının ayrılmaz hissəsidir. Biz valideynlərimizlə uşaqların gündəlik davamiyyəti, hazırlığı, inkişaf səviyyəsi kimi texniki məsələlərlə yanaşı, gələcək seçimlər, birlikdə iş, qarşılıqlı informasiyaların ötürülməsi kimi strateji məsələləri də müzakirə edirik. Bəzən valideynlərimiz tədris prosesinin sonunda kollektivdən ayrılmaq istəmir. Bu səbəbdən valideynlərin şəbəkələşməsi, məsləhət alması, öz təcrübələrini bölüşməsi məqsədi ilə böyük bir “Kaspi Mikrorayon Hub (KMH)” yaratmaq layihəsinin üzərində çalışırıq.

-Fəaliyyətinizdə uğurlar arzulayırıq!

Kaspi.edu.az

06.12.2023