Övladını təhsilli bir gələcəyə hazırla!
Kaspi Abituriyent Hazırlığı Mərkəzləri və Kaspi Liseylərinin birgə təşkilatçılığı ilə Valideyn Seminarı keçirilib
Kaspi Abituriyent Hazırlığı Mərkəzlərində və Kaspi liseylərində təhsil alan IX, X və XI sinif abituriyentlərin və şagirdlərin valideynləri üçün “Bir addımda iki məqsəd: övladını təhsilli bir gələcəyə hazırla!” adlı Valideyn Seminarı keçirilib.
Kaspi Liseyinin Bakıxanov Filialnda təşkil olunan seminarda abituriyentlər, liseyin müəllim və şagird kollektivi və valideynlər iştirak ediblər.
Kaspi Abituriyent xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a Seminarın keçirilməsinin məqsədi və gözləntiləri haqqında məlumat verib.
MƏQSƏD:
- Valideynlərə övladlarını daha yaxından tanımaq və imtahanlara hazırlıq prosesində onlara daha effektiv dəstək olmağa kömək etmək;
- Valideynlərə övladları ilə sağlam və anlayışlı bir əlaqə qurmaq üçün praktik təlimatlar təqdim etmək;
- Valideynlərə övladlarının təhsili, karyerası və gələcəyi üçün uğurlu planlar hazırlamaqda yardımçı olmaq;
- Valideynlərə övladlarının stresləri ilə başa çıxmağa kömək üçün praktik təlimatlar vermək;
- Övladlarını motivasiya etmək üçün valideynləri effektiv strategiyalarla təmin etmək;
- Abituriyentlər və valideynlər arasında daha güclü bir əlaqə qurmağa nail olmaq.
Panellər və müzakirələr formatında keçirilən tədbirdə ölkəmizin tanınmış və peşəkar mütəxəssisləri təqdimatlar ediblər.
KarnegiKlub Treninq Mərkəzinin rəhbəri, Biznes-trainer Couch, NLP-Master, “Beynəlxalq Treynerlər Assosasiyası”-nın üzvü Dr. Nəcəf Allahverdiyev “Tənqid edək, ya etməyək: Tənqidin psixoloji aspektləri” mövzusunda verdiyi seminar ilə valideynlərə yeni perspektivlər və praktik alətlər təqdim edib.
Peşəkar mütəxəssis tənqidin gücünü, müsbət və mənfi təsirlərini dərk etmək və anlamaq üçün bir çox fərqli psixoloji aspektləri vurğulayıb, tənqidin valideyn-övlad əlaqələrini necə dəyişdirə biləcəyini və bu prosesin həm valideyn, həm də övlad üçün öyrədici və tərbiyəvi fəaliyyət kimi baxılmasını təşviq edib.
NLP Academy Psixoloji Xidmət və Təlim Mərkəzinin qurucusu və direktoru, Psixoloq, təlimçi, NLP Master, Uşaq tərbiyəsi ilə bağlı “Diqqət evdə uşaq var” adlı kitabın müəllifi Elmir İsgəndərov “Yeniyetməliyin 7 xüsusiyyəti: Psixoloji yanaşma” mövzusunda valideynlərə ən yaxşı tərbiyə prinsipləri və effektiv yanaşmalar haqqında dəyərli təcrübələrini paylaşıb. Peşəkar mütəxəssis yeniyetməliyin 7 əsas xüsusiyyətini aydın və dərin psixoloji perspektivdə təhlil edərək hər bir xüsusiyyəti ayrı-ayrılıqda şərh edib. E.İsgəndərov valideynlər üçün hər bir xüsusiyyətin uşağın psixologiyasına və inkişafına necə təsir etdiyini aydınlaşdırıb və valideynlərə yeniyetməlik dövründə övladları ilə daha səmimi və əlaqəli münasibətlər qurmağa dair praktik alətlər və məsləhətlər təqdim edib. Valideynlər bu seminar vasitəsilə öz uşaqlarının dünyasına daha dərin nəzər salmağa nail olublar.
Şəxsiyyət tipləri üzrə təlimçi, Karyera məsələləri üzrə konsultant, Təhsil psixoloqu, “WOW School”-un təsisçisi, “İSEE”-nin (İnstitute for Social Enlightenment & Education) təsisçisi və direktoru Elçin Həsən “Yeni dünyada ixtisaslaşma və karyera: XXI əsr” mövzusunda valideynlərə mövcud və gələcək perspektivləri və müstəqil karyera inkişafı üçün dəyərli məsləhətlərini paylaşıb. Peşəkar mütəxəssis yeni dünyada ixtisaslaşmanın əhəmiyyətini və XXI əsrin karyera tələbatlarını aydınlaşdırıb, öz təcrübəsi və tədqiqatlarına əsaslanaraq, uşaqları yeni dünyada müvəffəqiyyətlə karyera inkişafına hazırlamağın ən effektiv yollarını təklif edib.
R.Ağayev əminliyini ifadə edib ki, seminarda aparılan müzakirələr və təhlillər valideynlərə gələcəkdəki iş dünyasının dinamikliyini və ixtisaslaşmağın tələbatlarını başa düşmələrində, övladlarının maraqlarını və bacarıqlarını daha doğru şəkildə anlamalarında kömək edəcəkdir: “Valideynlərlə əməkdaşlığımız və dəstəyimiz abituriyentlərin və şagirdlərin daha da uğurlu olmasına, yüksək nəticələr göstərməsinə və səmərəli çalışmasına xidmət edir. İnanırıq ki, seminarda aparılan müzakirələr və təhlillər valideynləri öz övladlarının dünyasına daha dərin nəzər salmağa və onların həyatında yaranan tənqidin təsirini daha yaxşı qiymətləndirməyə kömək edəcəkdir”. R.Ağayev seminarda iştirak edən mütəxəssislərə və valideynlərə təşəkkür edərək qeyd edib ki, bu istiqamətdə tədbirlər növbəti aylarda da davam edəcək.
Kaspi.edu.az