XƏBƏRLƏR

Motivasiyanı necə yaratmalı?

Pedaqoq-Psixoloq Xidməti daim fəaliyyətdədir

Kaspi Abituriyent Hazırlığında Pedaqoq-Psixoloq Xidməti fəaliyyətini təkmilləşdirmək və şagird və valideynlərlə sıx əlaqədə işləmək, abituriyentlərin hazırlıq prosesinə müsbət töhfə vermək üçün maarifləndirici və dəstəkverici mövzularla çıxış edir. “Motivasiya” mövzusu da təhsilalanların özgüvənlərini artırmaq, dərslərə daha diqqətlə yanaşmaq, uğurun uzaqda olmadığına inandırmaq hissini aşılayır.

Kaspi.edu.az Kaspi Abituriyent xidməti üzrə psixoloq İlkin Əliyevin mövzusunu təqdim edir:

Motivasiya abituriyentlərin təlim həyatında və onların uğura çatmasında olduqca əhəmiyyətli rol oynayır. Motivasiya insanı hərəkətə keçirən qüvvədir. Motivasıya insanların daha davamlı, verimli və istəkli çalışmasına səbəb olur. Belə olduqda çətinliklərlə üzləşdikdə, maneələrlə qarşılaşdıqda insan təslim olmur və məqsədə doğru çalışmağa davam edir.

Motivasiyanın olması üçün ilk olaraq məqsədlərin müəyyən olunması lazımdır. Məqsədlər müəyyən edilərkən abituriyentlərin istəkləri, bacarıqları nəzərə alınmalıdır. Bu zaman valideynlər övladlarına istiqamət verə bilər, lakin abituriyentlərin məcburi olaraq hər hansı bir hədəfə yönləndirilməsi onlarda motivasiyanın tamamilə olmamasına və ya çox az olmasına səbəb olur.

Motivasiyanın növləri

Motivasiyanın daxili və xarici, davamlı və davamsız olaraq, 4 növü vardır. Lakin bunlar arasında konkret sərhədlər yoxdur və biri digərinə keçə bilir:

  • Təlim prosesində daxili motivasiyanın olması vacibdir. Bunun üçün əvvəlcədən konkret məqsədlər müəyyən olunmalı və hədəflər qoyulmalıdır. Belə olduqda abituriyentlər məqsədlərinə çatmaq üçün çalışır;
  • Xarici motivasiya isə hər hansı bir mükafat, hədiyyə qazanmaq üçün olan motivasiyadır. Valideynlər xarici motivasiyadan düzgün istifadə edərək övladlarının daha istəkli çalışmasını təmin edə bilərlər. Lakin bu düzgün istifadə olunmazsa, abituriyentlərin daxili motivasiyasının azalmasına səbəb ola bilər;

        Abituriyentlərdə motivasiyanın azalmasına bir sıra amillər təsir edir. Bunları aşağdakı kimi qruplaşdıra bilərik;

  • Xarici təsirlər: Valideynlərin və ya yaxın ətrafın abituriyentlər haqqında mənfi fikirlər söyləməsi, onların qazandığı uğurlara, çalışma əzminə deyil, uğursuzluqlarına diqqət yetirməsi və bu faktların dəfələrlə vurğulanması xarici təsirlər sırasına aiddir və motivasiyanın azalmasına səbəb olur;
  • Müqayisə olunma: Abituriyentlərin digər abituriyentlərlə daimi olaraq müqayisə olunması düşünüldüyünün əksinə, motivasiyanı artırmır. Bu hal abituriyentlərdə müqayisə olunan digər abituriyentlərə qarşı aqressiyanın yaranmasına səbəb olur.
  • Tez nəticə almaq istəyi: Hər kəs hədəfə ən qısa zamanda çatmaq istəyir, lakin hədəfə çatmaq üçün zaman lazım olduğunu unudub, bu istəyi inanc halına gətirirlər və inancları reallaşmadığı üçün motivasiya azalır və ya itir.
  • Bir üsulun hamıda uğurlu olacağını düşünmək: Kimisə uğura aparan üsul, başqasında işləməyə və ya başqası üçün faydalı olmaya bilir. Bunun normal bir hal olduğunu qəbul etməyib problemi özündə axtaranlar motivasiya azalması yaşaya bilir. Lakin bilmək lazımdır ki, hər kəs fərqlidir və özünə uyğun olan üsulu tapmalıdır.
  • Ya həmişə, ya heç vaxt düşüncəsi: Hədəflərə çatmaq uçün mükəmməl olmağa inanmaq ən xırda səhvdə motivasiyanın itməsinə səbəb ola bilər.

Bəs motivasiyanı artırmaq üçün nə etmək lazımdır?

 Motivasiyanı müxtəlif üsullarla artırmaq olar:

  • Özgüvən və motivasiya əlaqəlidir: Özgüvəni artıran çalışmalar motivasiyanı da artırır.
  • Həqiqətən vacib olan istiqamətə yönəlmək: Vacib olmayan və bizi məqsəddən uzaqlaşdıran şeylərdən uzaq durmaq motivasiyanın artmasına səbəb olur.
  • Keçmişdə bacardıqlarını xatırlamaq: Hər kəs motivasiyanın düşdüyü və ya tamamiilə olmadığı anlarla qarşılaşıb, bu anlardan çıxa bilib. Bunları və keçmişdəki uğurları xatırlamaq motivasiyanın artmasına kömək edir.
  • Gələcək hədəfləri xəyal etmək: hədəflərinə çatdığını düşünmək motivasiyanın artmasına kömək edir.
  • Davamlı çalışma: Özünə inanmadığın yerləri və mənfi cəhətləri müəyyən edib onların üzərində mütəmadi çalışmaq motivasiyanın artmasına kömək edir.

Abituriyentlərə tövsiyəmiz

Abituriyentlər məqsədini aydınlaşdırıb, həmin məqsədə köklənsinlər, vaxtlarını – günlər, həftələr və aylar üzrə planlasınlar, sağlam və aktiv həyat tərzi keçirsinlər, hazırlıq prosesinin hər bir insanın həyatında bir mərhələ olduğunu bilsinlər və bu mərhələdən uğurla keçəcəklərinə inansınlar. Bu zaman motivasiya onların imtahanlara hazırlaşmağını və hədəflərini reallaşdırmağını daha asan və effektiv edəcəkdir.

Kaspi.edu.az

31.10.2023