"Məqsəd və zəhmət olan yerdə uğur qaçılmazdır"
Kaspinin Gəncə Filialı 2023/2024-cü tədris ilinə yeniliklərlə başlayıb!
Kaspi Abituriyent Hazırlığı kurslarının Gəncə Filialı təhsil sahəsində daim yeniliklər axtarışındadır. Filialın peşəkar pedaqoji kollektivi tədris prosesində qazandıqları uğurları ilə seçilir. Təkcə ali məktəblərə qəbul olunan məzunlarının sayı bunu deməyə əsas verir.
Kaspi Gəncə Filialının Abituriyent şöbəsinin meneceri Namiq Əliyev kaspi.edu.az-a müsahibəsində təhsil müəssisəsinin hazırkı fəaliyyəti və gələcək planları haqqında danışıb.
- Namiq müəllim, ötən tədris ili filialınız üçün hansı uğurlarla yadda qaldı?
- Ötən tədris ilini uğurla başa vurduq. Məzunlarımızın əksəriyyəti ali təhsil müəssisələrinə qəbul oldular. Ümumi orta bal 350 baldan yüksək oldu. Abituriyent hazırlığı ilə yanaşı, Məktəbli xidməti üzrə də tədris ilini uğurla başa vuraraq, şagirdlərin bilik və bacarıqlarının yüksəldilməsinə, məktəb dərslərinin daha da yaxşı mənimsənilməsinə nail olduq. Filialımızda eyni zamanda, məktəbəqədər hazırlıq qrupları da fəaliyyət göstərir. Tam məsuliyyətlə deyə bilərik ki, həm rus, həm də Azərbaycan bölməsi üzrə fəaliyyətimiz valideynlərin, eyni zamanda şəhər ictimaiyyətinin təqdir və rəğbətini qazanıb.
- Abituriyentlər sizin etimadınızı tam doğrultdularmı?
- Deyə bilərəm ki, ötən ilki nəticələrimiz ürəkaçan oldu. Məzunlarımız yüksək nəticələrlə ali məktəblərə qəbul olaraq bizə qürur və sevinc yaşatdılar. Zəhmətimiz hədər getmədi. Şagirdlərimiz özləri də səylə hazırlaşdılar. Məqsəd və zəhmət olan yerdə uğur qaçılmazdır.
- Hazırkı tədris ilinə hansı yeniliklərlə start vermisiniz?
- Abituriyent xidmətimizdə səhər və günorta növbələri fəaliyyət göstərir. Məktəbli xidmətində yenilik olaraq İnformatika fənni də tədris olunmağa başlayıb. Eyni zamanda, imtahan sistemimizdə də yeniliklər var. Belə ki, artıq bütün siniflər üzrə Onlayn bilet satış sistemi fəaliyyətə başlayıb. Eyni zamanda, Məktəbli xidmətində şagirdlərin gələcəkdə seçmək istədikləri ixtisasa uyğun texniki və ya humanitar təmayüllər üzrə hazırlıq və imtahanlar təşkil olunmaqdadır. Həmçinin, bu ildən etibarən filialımızda Psixolji dəstək xidmətinə də başlamışıq. Eyni zamanda, biz şagirdlərin hazırlığı ilə yanaşı, kadr yetişdirilməsi məsələsinə də önəm veririk. Bu ildən etibarən artıq filialımızda “Təcrübəçi müəllim” layihəsinə start verilib. Yəni gələcək üçün savadlı, təcrübəıli kadrlar yetişdirmək üçün mümkün olan imkanlar səfərbər olunur.
- Filialdakı təlim-tədris prosesinin üstünlükləri hansılardır?
- Hər bir şagirdlə yaxından maraqlanırıq. Şagird-müəllim-inzibati heyyət arasında sıx dialoq var. Dərslərində nisbətən zəif görünən abituriyentlərlə xüsusi məşğul olunur, əlavə dərslər təşkil edilir. Psixoloqumuz bütün siniflərdə “Motivasiya”, “İmtahan həyəcanı”, “Səmərəli dərs çalışma” və digər faydalı mövzularda seminarlar təşkil edir, ehtiyacı olan abituriyentlərə xüsusi seanslarla dəstək verilir.
- Şagirdlərin sosial fəaliyyəti üçün dərsdənkənar hansı fəaliyyətlər həyata keçirirsiniz?
- Tədris ili boyunca müxtəlif bilik yarışı, səyahətlər, turlar təşkil olunur. Eyni zamanda, idman yarışları və çempionatlar da təşkil edilir. Bundan əlavə, Sınaq imtahanı nəticələrinə görə yüksək nəticə toplayan siniflərlə xüsusi proqramlar da təşkil olunur.
- Valideynlərlə əməkdaşlıq necə qurulur?
- Valideynlərlə əməkdaşlığa xüsusi önəm veririk. Daim onlarla ünsiyyətdə olur, şagirdlərin dərsə davamiyyəti, tədris prosesində iştirakı, davranışları haqqında ətraflı məlumat veririk. Çünki təhsil, bildiyiniz kimi, bir üçbucaqdır və bu prosesdə valideyn əhəmiyyətli yer tutur. Əgər valideynləri hazırlıq prosesinə cəlb etməsək, istənilən effektiv nəticəni əldə etmək çətin olar. Məqsədimiz təkcə ölkəmizə təhsilli vətəndaş deyil, həmçinin milli ruhlu, müasir biliklərə malik, çağdaş dünyanın yeniliklərinə yiyələnən, rəqabət ruhlu gənclər yetişdirməkdir.
-İşlərinizdə uğurlar arzulayırıq!
Kaspi.edu.az