"Daha yaxşı nəticələr əldə etmək üçün çalışırıq"
Kaspi Xətai Filialı Abituriyent Hazırlığı kursları yeni tədris ilinə yeniliklərlə başlayıb!
Kaspi Abituriyent Hazırlığı Kursları sentyabrın 1-dən qapılarını abituriyentlərin üzünə açıb. 2023/2024-cü tədris ilinin uğurlu nəticələri müəssisənin müəllim heyətini daha yaxşı işləməyə rövnəqləndirib.
Kaspi Xətai filialının rəhbəri Elnur İsgəndərov kaspi.edu.az-ın suallarını cavablandıraraq, rəhbərlik etdiyi filialın yeni tədris ilinə hazırlığından danışıb.
- Elnur müəllim, ötən tədris ili filial üçün hansı uğurlarla yadda qalıb?
- Ötən tədris ilimizi uğurla yola saldıq. Bütün Kaspi məzunlarımız ali təhsil ocaqlarına qəbul oldu. Məzunlarımızdan Rəvan İsmayılov və Aysu Salmanova 600 baldan yuxarı nəticə göstərdi. Filialımızın orta bal göstəricisi 420 oldu. Eləcə də Məktəbli xidməti (5-8-ci siniflər) üzrə təhsil alan şagirdlərin fənlər üzrə bilik və bacarıqlarının yüksəldilməsinə nail olduq. Məktəbəqədər təhsil sahəsində Kaspi Kids xidmətinin məzunları da arzuladıqları orta məktəblərə qəbul oldular. Bu baxımdan, ötən tədris ilini filialımız üçün məhsuldar hesab edirik.
- Filialda təhsil alan abıturiyentlər sizin etimadınızı doğrultdularmı?
- Nəticələr qürurverici oldu. Məzunlarımız ali məktəblərə qəbul imtahanlarında 100% nəticə göstərdilər və bütün Kaspi məzunları “tələbə” adını qazandı. Abituriyent hazırlığını həyata keçirən filial üçün bundan qürurverici xəbər ola bilməz.
- Hazırkı tədris ilinə hansı yeniliklərlə start verirsiniz?
- Abituriyent xidmətimizdə 9-cu, 10-cu və 11-ci siniflər üzrə “Rus bölməsi” fəaliyyətə başlayıb. Onu da qeyd edək ki, Məktəbli xidmətimizdə artıq keçən ildən bəri Rus bölməsi üzrə dərslərə başlamışıq. Bu o deməkdir ki, Kaspi Xətai filialında həm Azərbaycan, həm də rus bölmələri üzrə 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu və 11-ci sinif şagirdləri üçün hazırlıq kursları təşkil olunur və Qeydiyyatımız davam edir.
Eləcə də, Məktəbəqədər şöbəmizdə Kaspi Kids xidməti üzrə də “İngilis bölməsi” açılıb, uşaqların qeydiyyatı davam edir.
- Filialdakı təlim tədris prosesinin üstünlukləri hansılardır?
- Müəllimlərimizin dərslərinə məsuliyyətlə yanaşması, hər bir abituriyentlə maraqlanması, fənlər üzrə çətinliyi olan abituriyentlərimiz üçün əlavə dərslərin salınması, eləcə də inzibati heyətimizin hər bir abituriyentə qayğıkeş münasibəti, uşaqlara doğmalıq hissinin aşılanması tədris prosesimizin üztünlüklərindəndir. Dərs prosesində daha yaxşı nəticələr əldə etmək üçün ən müasir metodlardan istifadə edirik, bu da dərslərin abituriyentlər tərəfindən daha asan mənimsənilməsinə kömək edir.
- Şagirdlərin sosial fəaliyyəti üçün dərsdənkənar hansı fəaliyyətlər həyata keçirirsiniz?
- Bu məqam həmişə filialımızın diqqətindədir. Müasir dövrdə uşaqların sosiallaşması çox vacibdir. Biz də bunun üçün müxtəlif gəzintilər, yarışlar, bayramlar, estafetlər təşkil edirik, abituriyentlərin maraq dairəsinə uyğun olaraq, onların sosial mühitinin maraqlı təşkilinə nail oluruq.
- Filialda valideynlərlə əməkdaşlıq necə qurulur?
- Valideynlərə mütəmadi olaraq hər gün övladının davamiyyəti ilə bağlı – gecikməsi, dərsdə iştirak etməsi və s. barədə məlumat verilir. Eləcə də valideynə övladının dərs fəaliyyəti və hazırlıq prosesi ilə bağlı da ətraflı məlumatlar göndərilir. Valideyn iclaslarında bir daha valideynlərlə fikir mübadiləsi aparılır və eyni zamanda, valideynlərə lazımi tövsiyə və məsləhətlər verilir. Bu fəaliyyətlər bütün xidmətlər üzrə eyni şəkildə və səviyyədə həyata keçirilir. Hesab edirik ki, valideynlərlə əlaqə və əməkdaşlıq həm uşaqların yaxşı oxumasına, həm də nizam-intizam qaydalarının güclənməsinə təsir edir.
Kaspi.edu.az