XƏBƏRLƏR

Kaspi Liseyində yeni tədris ilinə start verildi

Kaspi Ağ Şəhər Liseyi qapılarını şagirdlərinin üzünə açdı

“Ötən tədris ili Kaspi Liseyləri üçün uğurlu və məhsuldar oldu. Liseyimizin məzunları xaricdə və ölkəmizin nüfuzlu ali məktəblərinə qəbul oldular. Şagirdlərimiz beynəlxalq və respublika səviyyəli olimpiadalarda, müsabiqələrdə yer tutdular. İnanırıq ki, yeni tədris ilində də liseyimizin şagirdləri böyük uğurlara imza atacaqlar”. Kaspi Ağ Şəhər Liseyi qapılarını şagirdlərinin üzünə bu xoş sözlərlə açdı.

Yeni dərs ilinin başlanması münasibətilə Liseydə təşkil olunan mərasimdə öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan igid Vətən övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Liseyin şagirdləri və bu il məktəbə qəbul olunan birincilər lisey rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duası ilə yeni tədris ilinə qədəm qoydular.

Liseyin direktoru Rəqsanə Məmmədova şagirdləri salamlayaraq “Bu, təkcə sizin yox, bizim də dərs ilimizdir. Sizin qazanacağınız uğurlar bizim uğurumuzdur”-deyə bildirdi.

Ötən tədris ilində 9-cu sinif buraxılış imtahanlarından yüksək bal toplayan, həmçinin “Robofest” festivalında və digər bilik yarışmalarında qalib olan şagirdlərə hədiyyələr təqdim olundu. “Bu uğurların qazanılmasında  liseyin peşəkar müəllim heyətinin əvəzsiz rolu var”- deyə şagirdlər qeyd etdilər.

Birincilərin andı

Liseyin 1-ci sinfinə qəbul olan şagirdlər öz nğvbəsində dərslərini yaxşı oxuyacaqlarına, valideynlərinin və müəllimlərinin sözlərinə qulaq asacaqlarına, məktəbin nizam-intizam qaydalarına riayət edəcəklərinə, yuxarı sinif şagirdləri kimi uğurlar qazanacaqlarına söz verdilər.

Birincilərin valideynləri kaspi.edu.az-a sevinclərini bölüşdülər.

Valideyn Mustafa Əliyev bildirdi ki, Kaspi Liseyini məhz qazanılan uğurlara görə seçib: “Bu məktəbdəki nizam-intizam, peşəkar tədris mühiti haqqında çox eşitmişəm. Lisey evimizə də yaxındır. Bu məktəbi bitirən uşaqların uğurlu nəticələri var. Ona görə qızım Duyğunun bu liseyə qəbul olunmasını istədik. Ümid edirəm ki, gözləntilərimiz özünü doğruldacaq”.

Valideyn Əfsanə Hüseynovanın bir övladı Kaspi Liseyində təhsil alır. Liseyin müəllim kollektivindən, peşəkar dərs mühitindən və nizam-intizamından o qədər razıdır ki, ikinci övladı Adil Hüseynzadəni də Liseyin 1-ci sinfinə yönləndirib: “Kaspi Liseyi şagirdlərin yüksək biliklərə yiyələnməsinə böyük önəm verir. Milli adət-ənənələr və məktəbdə daim qorunur. Şagirdlərin sosiallaşmasına şərait yaradılır. Müəllimlər şagirdlərlə öz övladları kimi yanaşır, heç bir ayrı-seçkilik yoxdur. Məktəbin tədris mühiti bizi yüksək səviyyədə qane edir”.

Kaspi Təhsil Şirkəti olaraq Kaspi Liseylərinin bütün şagirdlərini 2023/2024-cü tədris ili münasibətilə təbrik edir, tədris ilində böyük uğurlar və nailiyyətlər arzulayırıq!

Kaspi.edu.az

 

15.09.2023