Kaspi Liseyinin şagirdləri Beynəlxalq London Olimpiadasında uğur qazandı
Liseyimizin şagirdləri International Greenwich Olympiada-sından 1 Qızıl, 2 Bürünc medalla döndülər
Böyük Britaniyanın London şəhərində keçirilən Beynəlxalq Qrinviç Olimpiadasında (International Greenwich Olympiad) Kaspi Liseyinin şagirdləri yüksək nəticə əldə ediblər. Olimpiada hər ilin iyun-iyul aylarında “Kompüter elmləri”, “Enerji”, “Mühəndislik”, “Ekologiya və ətraf mühit”, “Qısa film” və “Sosial elmlər” kateqoriyaları üzrə keçirilir.
41 ölkədən 356 şagirdin iştirak etdiyi olimpiadaya Kaspi Liseyinin şagirdləri iki layihə ilə qatılıblar. Kaspi Liseyi Ağ Şəhər filialının XB sinif şagirdi Zakir İsmayilovun “Ağıllı smart parklanma sistemi” layihəsi yarışmanın Qızıl medalına, Kaspi Ağ Şəhər Liseyinin IXA sinif şagirdi Banu Əlişova ilə həmin liseyinin IXB sinif şagirdi Şahzadə Mirzəlinin birgə hazırladığı “Ağıllı zibil qabı” layihəsi Bürünc medala layiq görülüb.
Kaspi komandasının rəhbəri Elvin İsgəndərov kaspi.edu.az-a açıqlamasında “International Greenwich Olympiad”asının layihə yarışması olduğunu bildirdi: “Kaspi Liseyinin şagirdləri olimpiadada iki layihə ilə iştirak edərək uğur qazandılar. Şagirdlərimizin uğurları ilə qürur duyur və gələcək beynəlxalq yarışmalarda da uğur qazanacaqlarına inanırıq!”
Olimpiada qalibi olan şagirdlərimiz böyük sevinc içərisində təəssüratlarını bölüşdülər.
Olimpiadanın Qızıl medalçısı - Kaspi Liseyi Ağ Şəhər filialının XB sinif şagirdi Zakir İsmayılov bildirdi ki, yarışma müxtəlif kateqoriyalar üzrə keçirilib: “Qlobal problemlərin layihələsdirilməsi üzrə yarışda mən “Computer science” kateqoriyasında yarışdım. Layihə çoxlarının diqqətini cəlb edirdi. Çünki layihə günümüzdə böyük şəhərlərdə ən çox yaşanan parklanma (parking) problemi ilə bağlı idi. Yarışa hazırlıq müddətində mənə müəllimlərimin psixoloji olaraq böyük dəstəyi oldu. Onlar mənə özümə inanmağa kömək etdilər”. Z.İsmayılov bildirir ki, bu uğur ona dünyanın top universitetlərinə qəbul almaqda kömək edəcək: “Çox sevincliyəm. Bu uğura görə Kaspi Liseyinin rəhbərliyinə və bütün müəllimlərimə minnətdaram!”
Kaspi Liseyinin IXA sinif şagirdi Banu Əlişova “İnternational Greenwich Olimpiadası”nın Bürünc medalını qazanıb: “Bizim layihəmizin adı “Smart compost bin” idi. “Social science” kateqoriyası üzrə yarışdıq. Layihəni Şahzadə Mirzəli ilə birlikdə təqdim etdik. Bu, zibil qabı yemək artıqlarını gübrəyə çevirir. Layihə böyük maraq doğurdu. Hər ikimiz Bürünc medala layiq görüldük”. B.Əlişova bu layihə ilə ölkəmizi beynəlxalq yarışmada təmsil etdiyi üçün özünü xoşbəxt sayır: “Bu uğurda Kaspi Liseyinin böyük əməyi var. Buna görə müəllimlərimə təşəkkürümü bildirirəm! Çünki o möhtəşəm yarışmaya liseyimizin dəstəyi və bizi yarışa hazırlaşdıran müəllimlərin peşəkarlığı sayəsində qatıldıq və uğur qazandıq. Bu uğur hər bir olimpiada iştirakçısının arzusudur. Biz layihə üzərində səylə işlədik. Qazandığımız uğurun gələcək təhsil həyatımızda böyük rolu olacağına əminəm”.
Layihənin digər Bürünc mükafatçısı, Kaspi Ağ Şəhər Liseyinin IXB sinif şagirdi Şahzadə Mirzəli həmişə yarışlara qatılmağa səy göstərdiyini deyir: “İntellektual və bilik yarışları həmişə diqqətimi çəkib. Budəfəki Greenwich Olimpiadası da mənim üçün çox dəyərli bir xatirə və təəssürat oldu. Hər şeydən əvvəl ölkəmizi qürurla təmsil etmək üçün getdiyimiz yarışda əsas məqsədimiz uğur qazanmaq idi. Bunun üçün yarışa gecə-gündüz hazırlaşdıq. Və buna nail olduq. Bu müddətdə müəllimlərimizin böyük dəstəyini hiss etdik. Yarışma müddətində həyəcanlarımız təbii idi. Yanımızda olan, bizə mənəvi dəstək göstərən bütün müəllimlərimizə təşəkkür edirəm! Uğurumuzda Kaspi Liseyinin peşəkar müəllimlərinin və düzgün tədrisinin rolu oldu. Bundan sonrakı məktəb həyatımda da Kaspi ilə birlikdə yeni uğurlar qazanacağıma inanıram!”
Kaspi Təhsil Şirkəti Kaspi Liseylərinin şagirdlərinin beynəlxalq yarışlarda qazandığı uğurlarla qürur duyur və şagirdlərimizi təbrik edir!
Kaspi.edu.az