"Valideynlik sənətinin incəsənəti" adlı konfrans keçirilib
Konfrans azyaşlı uşaqların (0-6 yaş) valideynləri üçün nəzərdə tutulub
Kaspi Təhsil Şirkətinin Məktəbəqədər Müəssisələri Departamenti “Valideynlik sənətinin incəsənəti” adlı I Valideyn Konfransı təşkil edib. Maarifləndirmə məqsədi daşıyan konfrans Kaspi Təhsil Şirkətinin “Special School” və ”Special Kids” Məktəb Tipli Reabilitasiya Mərkəzləri ilə tərəfdaşlığı çərçivəsində baş tutub.
Holiday İNN Hotelin Bakı zalında keçirilən konfrans azyaşlı uşaqların (0-6 yaş) valideynləri üçün nəzərdə tutulub. Məqsəd valideynlərə övladlarının inkişaf mərhələlərini daha yaxşı anlamağa kömək etmək və onları insan həyatının ən vacib dövrü olan erkən uşaq inkişafının əsasları və mühüm mərhələləri ilə tanış etməkdir.
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin üzvü Əli İsgəndərov tədbirin əhəmiyyətini izah edərək bildirib ki, insan həyatının ən vacib mərhələsi olan erkən uşaq inkişafının doğru təşkili minlərlə azyaşlının sağlam və savadlı yetişməsinə səbəb olur: “Əsas missiyamız valideynlərin daim yanında olaraq Azərbaycanda təhsil alıb inkişaf edən hər bir uşağa doğru dəstək olmaqdır”.
Valideynlərin maariflənməsinə dəstək
Kaspi Təhsil Şirkəti Məktəbəqədər və milli kurikulumlar üzrə Akademik Menecer Aytəkin Şirinzadə konfransın əhəmiyyətini yüksək dəyərləndirdi: “Konfransın gündəliyi, müzakirə olunan mövzular çox faydalı idi. Valideynlər bu tip konfransların sayının çox olmasını istədilər. Spikerlərin çıxışları maraqlı oldu. Daha çox öyrənməyə, övladını tanımağa həvəsli olan valideynlərin sayının artması məni sevindirdi”.
Kaspi Təhsil Şirkəti Bağçalar və beynəlxalq kurikulum üzrə meneceri Nurlana Məmmədova erkən uşaq inkişafının insan həyatının ən mühüm mərhələsi olduğunu vurğuladı: “Elm inkişaf etdikcə uşaqların inkişaf və təhsil ehtiyacları da dəyişir. Valideyn konfransını təşkil etməkdə əsas məqsədimiz azyaşlı valideynləri və azyaşlı uşaqların qəyyumlarını maarifləndirməkdir. Eyni zamanda, bu addımla ölkə üzrə belə bir trendin yaranmasına təkan verməkdir. Bu konfransın hər bir mövzusu yerli təhsil bazarında etdiyimiz araşdırmaya əsaslanıb. Konfransa dəvət etdiyimiz hər bir spiker ölkəmizdə bu sahələr üzrə ekspert kimi uşaq inkişafı və təhsilinə öz töhfələrini verirlər. Hesab edirəm ki, Azərbaycanda valideynlərə verə biləcəyimiz ən böyük dəstək onların bu istiqamətdə maariflənməsinə yol göstərməkdir”.
Təlimlər, müzakirələr
Konfransın proqramında təlimlər əsas yer tutub. 4 əsas istiqamətdə keçirilən təlimlər peşəkar psixiatr, pedaqoq, psixoloq və pediatr tərəfindən aparılıb.
Konfransa moderatorluğu həkim-psixiatr, Dr. Orxan İsgəndərov edib. Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, həkim-psixiatr Dr. Vəfa Şirinova, pediatr-neonatoloq, Dr.Lalə Nəzərova və psixiatr-psixoterapevt, Dr.Elmir Təhməzov spiker qismində çıxış ediblər.
Spiker Ülkər Babayeva “Təlim, Tərbiyə və Təhsil” mövzusu üzrə çıxış edərək 0-6 yaş dövründə təhsilin vacibliyi, valideynlərin təlim-tərbiyədə iştirakının əhəmiyyəti, məktəbə adaptasiya haqqında danışıb. Spiker məktəbəqədər təhsilin – məktəbəqədər yaşlı uşaqların həyatında əhəmiyyətini, intellektual, fiziki və mənəvi inkişafını, ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və nəticəsini geniş formada izah edib: “Hətta uşaq şəxsi həyatında öz potensialını görməyi, öz gücünə inanmağı, fəaliyyətində müvəffəqiyyət qazanmağı öyrənməyi məktəbəqədər dövrdə mənimsəyə bilər”.
Pediatr-neonatoloq, Dr. Lalə Nəzərova “İnfeksiya, inkubasiya və inyeksiya” mövzusu üzrə 0-6 yaş uşaqlarda tez-tez rast gəlinən xəstəliklər və profilaktik tədbirlər haqqında məlumat verib, uşaq xəstəlikləri zamanı müəyyən dərmanların ziyanlı olduğunu diqqətə çatdırıb.
Həkim-psixiatr Vəfa Şirinova “Düşüncə, Davranış və Duyğu” mövzusu üzrə uşaqların məktəbəqədər dövründə rastlaşdıqları çətinliklərdən danışıb: “Uşaq diqqətdən kənar qalırsa, onda davranış pozğunluğu yaranır. Bu da onların duyğusallaşmasına səbəb olur. Uşaqların düşüncələrinə görə onlarla düzgün ünsiyyət qurmalıyıq”.
Dr.Elmir Təhməzov “Pozitiv valideynlik proqramı” çərçivəsində yaradıcı və tənqidi təfəkkürün inkişafını dəstəkləməklə bağlı çıxış edib. Konfrans çərçivəsində keçirilən müzakirələrdə valideynlər də fəallıq göstərib. İnteraktiv keçən konfransda onları maraqlanıdıran suallar da cavablandırılıb. Konfransda qonaqlarla bərabər ümumilikdə 200-ə yaxın valideyn iştirak edib.
Konfransın gündəliyində müxtəlif viktorinalar da yer alıb. Oyunların qaliblərinə tədbirin sponsorları tərəfindən müxtəlif hədiyyələr, endirim kuponları verilib. Valideynlər Kaspi Məktəbəqədər hazırlıq kurslarından illik 50 və Kaspi Uşaq Bağçalarından illik 100 AZN-lik endirim kuponları əldə ediblər. Konfransın spikerləri plaketlərlə, iştirakçılar sertifikatlarla, tədbirin təşkilində əməyi keçənlər təşəkkürnamə ilə təltif olunublar.
Qeyd edək ki, tədbirin sponsorları Almond Cake & Bakery şirniyyat mağazaları, Proqress Club ictimai birliyidir. Belə ki, qaliblərə Almond Cake& Bakery tərəfindən 5 ədəd 20 AZN-lik kupon, Reabilitasiya mərkəzləri tərəfindən ödənişsiz 5 psixiatr, 5 loqoped və 5 psixoloji müayinə təqdim edilib.
kaspi.edu.az