"Kaspi"nin "Ürəklə gəl, ürəklə al" adlı xeyriyyə festivalı Bakıda da uğurla təşkil olundu
Xeyriyyə yarmarkasında valideynlər, müəllimlər və uşaqlar birlik nümayiş etdirdilər
Kaspi Təhsil Şirkətinin xeyriyyə yarmarkaları ənənəsinin tarixində “Ürəklə gəl, ürəklə al” tədbiri fərqli səhifə açdı. Kaspi Uşaq Bağçaları və Kaspi Məktəbəqədər tədris müəssisələri tərəfindən təşkil olunan yarmarka təhsil müəssisələrinin uşaqlarını və valideynlərini bir araya gətirdi. Hamı birlikdə xeyriyyəçi olmağa, yardım etməyə, dəstək olmağa tələsdi. “Yaşat” (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu), “Yaşama dəstək” (Kəpənək, İxtiyoz və İmmunadefsit xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək fondu) fondlarına və Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlər üçün AFAD-a (Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək fondu) ianə üçün nəzərdə tutulam yarmarka yardımlaşma, çətinə düşənlərə, maddi ehtiyacı olanlara dəstək adına layiqli nümunə oldu.
Həm Sumqayıtda, həm də Bakıda keçirilən festivalda izdiham müşahidə olundu.
Yarmarkada Kaspi Uşaq Bağçaları və Kaspi Məktəbəqədər tədris müəssisələrinin Kaspi Kids Əhmədli, Kaspi Kids Yasamal, Kaspi Kids Mikrorayon, Kaspi Kids Əhmədli, Kaspi Kids Xətai, Kaspi Kids Nərimanov, Kaspi Kids Bayıl, Kaspi Kids Elmlər, Kaspi Kids Bakıxanov, Kaspi Kids Biləcəri, Kaspi Kids Mikrorayon və Ağ Şəhər bağçası, Əhmədli bağçası, Gənclik və Bakıxanov bağçaları müxtəlif məhsullardan ibarət rəngarəng stendləri ilə çıxış etdilər.
Xeyriyyə yarmarkasının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
“Xeyriyyə məqsədi ilə keçirilən tədbirlər artıq Kaspi Təhsil Şirkəti üçün bir ənənəyə çevrilib. Məqsədimiz bu müəssisədə təhsil alan şagirdlərə paylaşmaq, yardımlaşmaq hissinin gözəlliyini yansıtmaqdır”- deyə tədbirin aparıcısı Könül Əliyeva gələn iştirakçıları salamladı: “Ürəklə gəl, Ürəklə al” yarmarkasında toplanmış ianələr sizin istəyinizə uyğun olaraq “Yaşat” Fondu, “Yaşam” Fondu və ya AFAD-a köçürüləcək”. K.Əliyeva qeyd etdi ki, xalqımızın yardımsevər, xeyriyyəçi olmağının göstəricisi kimi biz Türkiyədə baş vermiş zəlzələdə öz dəstəyimizi əsirgəmədik. Belə ki, zəlzələdən əziyyət çəkmiş bacı-qardaşlarımıza yardım məqsədi ilə yola çıxan ilk 15 tırdan biri məhz Kaspi Təhsil Şirkətinə məxsus idi: “Həmin tır vasitəsi ilə 170 tam komplekt yataq dəsti, müxtəlif geyimlər, ərzaq qutuları və s. göndərilib. Bundan əlavə, 110 min TL birbaşa yardım, daha sonra valideynlərin dəstəyi ilə olan 220 min TL yardımları AFAD-a köçürdük”.
Kaspi Təhsil Şirkətinin baş direktor müavini Əli İsgəndərov kaspi.edu.az-a bildirdi ki, həm Sumqayıt filialında, həm Ağ Şəhər Liseyində keçirilən yarmarka uğurla keçib: “Valideynlər və uşaqlar yarmarkanın işinə gözəl töhfə verdilər. Valideynlər həm iştirakçı, həm təşkilatçı kimi yarmarkanın işində yaxından iştirak etdilər. Uşaqlar gözəl vaxt keçirdilər, əyləndilər. Ümumilikdə “Kaspi” müəssisələrinin kollektivi birlik nümayiş etdirərək, nümunəvi bir iş ortaya qoydu. Bu iş xeyirxahlıqdır, çətində olanlara, maddi ehtiyac duyanlara yardımdır. Bu onu göstərdi ki, Azərbaycan xalqı necə böyük bir ürəyə sahibdir. Hər kəs gəldi və bu işə ürəklərini qoydular. Xeyriyyə yarmarkasında yaxından iştirak edənlərin hər birinə təşəkkür edirik! Bu, xalqımızın min illik tarixindən gələn bir ənənədir. Biz də bu ənənəni yaşatmağımızla qürur duyuruq!”
Son nəticə - xeyirxahlıq
Kaspi Məktəbəqədər Milli Kurikulum üzrə akademik menecer Aytəkin Şirinzadə təkcə müəllimlərin deyil, valideynlərin də yarmarkanın işinə ürəklə yanaşdıqlarnı bildirdi: “Həm Sumqayıt filialında, həm də Bakıda keçirilən yarmarkalarda böyük izdiham müşahidə olundu. Valideynlər axın-axın gəlirlər. Onlar xeyirxahlıqlarını nümayiş etdirirlər. Övladlarına da bu hissi aşılayırlar. Bu, çox gözəldir. Belə bir xeyirxah işdə iştirakımızdan məmnunuq”.
Kaspi Kids Nərimanov filialının rəhbəri Vəfa Ağasiyeva təmsil etdiyi müəssisənin bütün kollektivinin və valideynlərinin yarmarkada fəal iştirak etdiyini qeyd etdi: “Valideynlərlə müəllimlər birlikdə çalışaraq müxtəlif bəzək əşyaları, şirniyyatlar, Novruz bayramının sovqatlarını gətiriblər. Satılan məhsulların çoxunun alıcıları da özləridir. Kollektiv və valideynlər xeyriyyəçi aksiyanın iştirakçısı olmaqdan qürur duyurlar”.
Kaspi Kids Əhmədli filialının rəhbəri Nigar Aşurova da rəhbərlik etdiyi kollektivin eyni məmnunluq hissi yaşadığını vurğuladı: “Valideynlərimiz və müəllimlərimiz əl qabiliyyətlərini nümayiş etdirir, yarmarkaya dadlı yeməklərlə, müxtəlif əl işləri ilə qatılıblar. Alıcılıq səviyyələri də yüksəkdir. Hamı yarmarkaya hər hansı bir işlə töhfə vermək istəyir. Yardımlaşma hissi çox gözəldir”.
Kaspi Uşaq Bağçası Bakıxanov filialının rəhbəri Nuranə Abbasova yarmarkada 3 bölmədə iştirak etdiklərini bildirdi: “Kollektiv və valideynlər əllərindən gələni etdilər. Yardım məqsədli olduğuna görə hamı ürəkdən iştirak edir. Bilirlər ki, əməklərinin son nəticəsi xeyirxahlıqdır”.
Kaspi Kids Yasamal filialının müəllimi Rəqsanə Xanlarova qeyd etdi ki, yarmarkaya gələnlərin üzündəki sevinc hissini görmək çox xoşdur: “Hamı başa düşür ki, zərər çəkən, ehtiyacı olan insanlara yardım olunur. Ona görə hər kəs bacardığı köməyi əsirgəmir. Biz də bu xeyirxah işin bir parçası olmaqdan sevinc duyuruq”.
Yüksək təhsillə yanaşı sosial tədbirlər
Valideynlər də yarmarkanın işində həvəslə iştirak etdiklərini bildirdilər.
Valideyn Vüsal Musayev xeyriyyə yarmarkalarının tez-tez təşkil olunmasının tərəfdarıdır: “Biz valideyn olaraq belə yarmarkaya həvəslə qatılırıq. Uşaqlarımıza da tədbirin mahiyyətini başa salırıq. Görürük ki, onlar da həvəs göstərirlər. Bu, onların yaxşı insan kimi böyüməsinə, mərhəmətli, xeyirxah olmalarına kömək edəcək. Buna görə Kaspi Təhsil Şirkətinə minnətdarlıq edirəm!”
Valideyn Türkan İsmayılova belə tədbirlərin keçirilməsini şirkətin sosial məsuliyyəti kimi dəyərləndirdi: “Belə tədbirlərdə valideynlər uşaqlar və müəllimlərlə birlikdə işləyir. Onların yaxın ünsiyyəti formalaşır. Uşaqlarda yardımlaşma hissi tərbiyə olunur. Sevinirəm ki, uşaqlarımın təhsil aldığı Kaspi müəssisələrində yüksək təhsillə yanaşı, sosial tədbirlərin təşkilinə də üstünlük verilir”.
Valideyn Pərvin Sadıqova yarmarkada həm iştirakçı, həm də təşkilatçı qismində çıxış etməsindən məmnundur: “Bizim birgə işimizin nəticəsi xeyriyyəçilikdir. Bilirik ki, kimlərəsə fayda veririk. Buna görə yarmarkada yaxından iştirak edirik. Uşaqlarımız həm əylənir, həm də kömək edirlər. Master klasslar da onların marağına səbəb olub”.
Xeyriyyə yarmarkası balacaların rəngarəng musiqi nömrələri, mahnıları, rəqsləri ilə müşaiyət olundu. Balacalar üçün keçirilən master klasslar onların əyləncəli vaxt keçirmələrinə səbəb oldu. Novruz bayramının simvolları olan Kosa və Keçəl də öz bədii nömrələri ilə iştirakçılara xoş anlar yaşatdılar.
Xeyriyyə yarmarkasının iştirakçıları üçün “Ürəklə gəl, ürəklə al” yaddaqalan günə çevrildi.
Kaspi.edu.az