Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışı olub
Kaspi Liseylərində STEAM əsaslı tədris uğurla davam etdirilir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə məlumat verib. Nazir bildirib ki, “STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur.
Qeyd edək ki, STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir.
Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. Uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.
Diqqətə çatdırılıb ki, “STEAM Azərbaycan” layihəsinin davamı olan “STEAM İnnovasiya Mərkəzi”nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.
Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir. Xatırladaq ki, Kaspi Liseylərində STEAM tədrisi 2015-ci ildən həyata keçirilir. Liseyin şagirdləri mütəmadi olaraq STEAM festivallarında və yarışlarında iştirak edirlər. 2022-ci il dekabrın 5-9 tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı – SAF 2022 -də Kaspi Liseyinin şagirdləri 13 komanda, 37 nəfər iştirakçı ilə təmsil olundular. Liseyin şagirdləri ümumilikdə 12 medal – 3 qızıl, 3 gümüş, 6 bürünc medal və 8 xüsusi mükafat qazanaraq STEAM festivalında fərqləndilər.
Kaspi Liseyləri STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların yetişməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsini tədrisin əsas istiqamətlərindən birinə çevirib.
Kaspi.edu.az