Kaspi Təhsil Şirkəti Həmrəylik Gününü qeyd edib
Tədbirdə Kaspi Təhsil Şirkətinin 15 illik yubileyi də qeyd olunub
“Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır”. Bu fikirlər Kaspi Təhsil Şirkətinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr etdiyi tədbirdə səslənib.
Kaspi.edu.az xəbər verir ki, Kaspi Təhsil Şirkətinin təsisçisi və İdarə heyətinin sədri Sona Vəliyeva tədbirdə iştirak edən müəllimləri və rəhbər heyəti təbrik edib: “Həmrəylik Günü Azərbaycan xalqının birliyi, bərabərliyi və bütövlüyü günüdür. Bu günün əsas məzmununu xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə, doğma torpağa bağlılıq, azərbaycançılıq məfkurəsi, duyğuları və ideyaları təşkil edir. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olub. 1990-1993-cü illərdə ümummilli liderin Naxçıvandan başlanan xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Dünya Azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında sıx birləşməsində mühüm rol oynayıb”. S.Vəliyeva həmçinin Kaspi Təhsil Şirkətinin artıq 15 ildir fəaliyyət göstərdiyini qeyd edib. Təsisçi bu münasibətlə qurumun təhsil müəssisələrində çalışan kollektivləri və təhsil alan şagirdləri təbrik edib: “Milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan Kaspi Təhsil Şirkəti 15 ildir ki, xalqımızın balalarının mükəmməl təhsil almasına xidmət edir. Yaşından asılı olmayaraq hər kəsə keyfiyyətli təhsil xidməti verməklə sağlam düşüncəli və uğurlu fərdləri yetişdirərək cəmiyyətimizin inkişafına töhfə verməyə çalışır. Məqsədimiz bilikli, müasir dünya ilə ayaqlaşan və ölkəmizə layiqli Vətəndaş yetişdirməkdir. Bu gün məzunlarımızın sorağı dünyanın ən məşhur universitetərindən gəlir. Qazandığımız uğurlarda hər birinizin əməyi var. Bu münasibətlə sizi təbrik edirəm!»
Bayram tədbiri Kaspi Təhsil Şirkətinin müəssisələrinin təqdim etdikləri maraqlı təqdimatlarla, musiqi nömrələri ilə yadda qalıb.
KTŞ-nin təhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan silsilə tədbirlər davam edir.
Kaspi.edu.az