XƏBƏRLƏR

Dövlət Bayrağımız - milli suverenliyin simvolu

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

9 noyabr Dövlət Bayrağı Günüdür. Bütün dünyada yaşayan azərbaycanlılar bu gün münasibətilə tədbirlər təşkil edir, milli qürurumuz olan bayrağımızı tanıdır və sevdirirlər.

Azərbaycanın Dövlət Bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilib. AXC-nin yadigarı olan bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Rəsmi olaraq Milli Bayraq Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılıb. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu verib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Prezident İlham Əliyev tərəfindən 17 noyabr 2009-cu ildə imzalanmış Sərəncama əsasən 9 Noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağı Gününün daha bir özəlliyi üçrəngli bayrağımızın Şuşada və işğaldan azad olunmuş ərazilərdə dalğalanmasıdır.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun azad etdiyi ərazilərimizdə dalğalanan bayrağımız bizə qürur və şərəf dolu anlar yaşadır.

Kaspi Təhsil Şirkəti xalqımızı və dünya azərbaycanlılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir!

09.11.2022