"Zəfərlə dalğalanan bayrağım"
Kaspi Liseyinin Bakıxanov filialı Zəfər Gününü qeyd etdi
44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Üçrəngli bayrağımız təkcə Azərbaycanın sərhədləri daxilində deyil, soydaşlarımızın yaşadığı dünya ölkələrində də qürurla dalğalandı. İndi Azərbaycan xalqı bu tarixlərin hər ikisini – Zəfər gününü və Bayraq Gününü böyük iftixarla qeyd edir.
Kaspi Liseyinin Bakıxanov filialı şanlı Zəfər Günümüzə və Dövlət Bayrağı Gününə həsr etdiyi “Zəfərlə dalğalanan bayrağım” adlı tədbirlə bu tarixi bayramlara öz töhfəsini verdi. “Bu gün xalqımız Zəfər sevincinin, müstəqil səmalarda dalğalanan Dövlət Bayrağı gününün verdiyi qüruru yaşayır”- deyə tədbirin aparıcıları səsləndirdi.
Torpaqlarımızın azad olunması uğrunda şəhid olan övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndi.
Övladlarımızla qürur duyuruq!
Bakıxanov filialının direktoru Sahil Əliyev tədbir iştirakçılarını salamlayaraq zaldakı şəhid ailələrini səhnəyə dəvət etdi. “Biz övladlarımızla qürur duyuruq. Axır ki, 30 illik həsrətə son qoyuldu. Fəxr edirəm ki, belə bir qəhrəman övladım, belə bir xalqım var. Şəhidlərimiz bu xalqın yaddaşında həmişə yaşayacaq!”- deyə şəhid Vüqar Nəcəfovun anası Şəmsiyyə Nəcəfovanın fikirlərinə “Bundan sonra xalqımız həmişə sülh, əmin-amanlıq içində yaşasın. Bundan sonra müharibə görməyək. Bir daha Vətənimizdə müharibə olmasın, uşaqlarımız sülh şəraitində böyüsün!”- deyə şəhid Abbas Əliyevin anası Təranə Əliyevanın arzusu qarışdı.
Şəhid baş leytenant Kamran Kazımlının atası Qurbanəli Kazımov çıxış edərək zalda toplaşanları Zəfər Günü münasibətilə təbrik etdi: “Mən 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Övladım isə 2-ci Qarabağ müharibəsində vuruşdu və şəhid oldu. Arzu edirəm ki, balalarımız bir daha müharibə görməsin. Övladlarımız biz valideynlərin başını uca elədilər. Xalqımız durduqca şəhidlərimizlə fəxr edəcək!”
“Göz yaşlarınız axmasın!”
Liseyin direktoru S.Əliyev şəhid ailələrinin üzvlərinə və qazilərə təhsil müəssisəsinin kollektivi adından təşəkkür etdi: “Azərbaycan xalqı olaraq yetişdirib boya-başa çatdırdığınız övladlarınızın borcunu ömür boyu qaytara bilmərik. Sizin zəhmətiniz, onların əziyyəti və fədakarlığı unudulmazdır. Qarabağın azad olunması uğrunda bütün Azərbaycan xalqı əlindən gələni etdi. 44 günlük müharibəyə hər kəs öz töhfəsini verdi. Şagirdlər cəbhəyə məktubları ilə dəstək oldu. Həkimlərimiz işlərini, müəllimlərimiz dərslərini buraxıb cəbhəyə getdilər. Hamı birlik nümayiş etdirdi. Bu ruh halı xalqımızın oyanışı oldu. Bu günü bizə bəxş etdiyi üçün şəhidlərimizin ruhu, qazilərimizin igidliyi qarşısında baş əyirik. Bu şanlı qələbə gününü dəqiq və səbrlə planlayan Ali Baş Komandanımıza təşəkkür edirik!”
Vətən Müharibəsi qəhrəmanı, mayor Anar Məmmədov üzünü şəhid analarına tutdu: “Göz yaşlarınız axmasın! Bu gün övladlarınız yanımızda olmasalar da, ruhən bizi görürlər. Onlar döyüş meydanında şəhadətə yüksəldilər. 30 il müddətində işğalda olan torpaqlarımızın azadlığı uğrunda şəhid oldular. Onların ruhu qarşısında baş əyirik! Qələbəmiz şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin mətinliyi, ordumuzun şücaəti, dövlət başçımızın iradəsi sayəsində mümkün oldu”.
Liseyin dram və xor kollektivlərinin hazırladığı “Səfərbərlik” səhnəsi, şairə-publisist Sona Vəliyevanın “Cəngi havası” kompozisiyası, rəqs nömrələri, vətənpərvərliyə, şəhidlərə, ordumuzun şücaətinə həsr olunan şeirlər tədbir iştirakçılarını xalq olaraq bir yumruq kimi birləşdiyimiz o qürurverici anlara qaytardı.
Zəfər Günümüz Mübarək!
Bayrağımız həmişə zəfərlə dalğalansın!