"Zəfər günlərimin şahidi bayraq"
Ağ Şəhər Liseyi Zəfər Günümüzə və Bayraq Gününə həsr olunan tədbir keçirdi
Kaspi Təhsil Şirkətinin Ağ Şəhər Liseyinin dəhlizləri, sinif otaqları Dövlət Bayrağımıza həsr olunan əsərlərlə, Zəfər Günümüzü əks etdirən rəngarəng tablolarla bəzədilib. Liseyin şagirdlərinin əməyi və istedadı ilə yaranan bu əsərlər təhsil ocağının böyüklü-kiçikli bütün kollektivinə, liseyə qədəm qoyan bütün qonaqlara Vətən Müharibəsindəki böyük Qələbəmizin sevincli anlarını yaşadır, müqəddəs bayrağımızın dəyərini andırır. Onları həmişə şəhidlərimizin ruhu qarşısında baş əyməyə, ruhlarını ehtiramla xatırlamağa, qazilərimizə daim minnətdarlıq etməyə səsləyir.
Ağ Şəhər Liseyi “Zəfər günlərimin şahidi bayraq” adlı tədbirlə 8 Noyabr Zəfər Gününə və 9 Noyabr Bayraq Gününə öz töhvəsini verdi. Tədbirə dəvət olunan şəhid ailələrinin nümayəndələri, qazilər, valideynlər, müəllim və şagirdlər Vətən torpaqlarının azad olunması uğrunda şəhid olanların ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycanın Dövlət Himni səsləndi.
Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva tədbirə dəvət olunan şəhid ailələrinin üzvlərini, müharibə veteranlarını və digər qonaqları salamlayaraq liseydə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunduğunu diqqətə çatdırdı: “Liseylərimizdə şagirdlər vətənpərvərlik, dövlətçilik, şəhid ailəsinə, qazisinə hörmət, sayğı və qayğı ruhunda tərbiyə olunurlar. Onlar dərslərini yaxşı oxumaqla yanaşı, öz yaradıcılıqları ilə də tarixi günlərimizə töhfələrini verirlər”. S.Vəliyeva üçrəngli Bayrağımızın Dövlət atributu olmasının önəmini diqqətə çatdırdı: “Biz xoşbəxt bir nəslin nümayəndəsi olmuşuq ki, bu bayrağın səhnəyə gəlməsini görmüşük. 90-cı il 17 noyabr tarixində ulu öndər Heydər Əliyev qaya vüqarlı, şəlalə əks-sədalı səsi ilə “Bayraq gətirilsin və Azərbaycan Respublikasının bayrağı olsun”- deyə səsləndi. O söz indiyə qədər mənim yadımdadır. Bayraq gətirildi və biz o səhnəni gördük. Ulu öndər bu məsələni Ali Sovet qarşısında vəsatət kimi qaldırdı. Belə olmasaydı, bəlkə bu bayraq unudula bilərdi. Ulu öndər deyirdi ki, vaxt gələcək, üçrəngli bayrağımız bütün işğal olunan torpaqlarda dalğalanacaq”. Təsisçi şəhid ailələrinə və qazilərə səslənərək: “Varlığın dəyər ölçüsü Vətən bayrağıdır. “Torpaq uğrunda ölən varsa Vətəndir” ifadəsi ilə desək, o torpağı Vətən edən sizlərsiniz. Siz o qədər əzmlə vuruşdunuz ki, Bayraq Gününün müqəddəsliyini qorudunuz. O müqəddəs bayraq sadəcə üç rəngdən tikilən parça deyil, dövlətin varlığını, müqəddəsliyini sübut edən atributdur. Qələbə çalınan ərazilərdə, dövlət idarələrində ucaltmaqla, böyüyən nəslə dəyərini anlatmaqla biz onu qoruyuruq”. S.Vəliyeva bayrağımızın 2016-cı ildə Aprel döyüşlərində azad olunan ərazilərdə dalğalandığını xatırlatdı: “Biz inanırdıq ki, Aprel döyüşləri qələbəmiz üçün bir dönüş nöqtəsidir. Əmin idik ki, tezliklə torpaqlarımız tezliklə azad olunacaq. Bu gün Azərbaycan müstəqildir. Ulu öndərin söylədiyi fikirlər özünü doğrultdu. Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu”, xalqın birliyi və ordumuzun rəşadəti ilə biz torpaqlarımızı azad etdik. Əlbəttə, hər bir dövləti dünyada tanıdan onun rəhbəridir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”. S.Vəliyeva qürurla qeyd etdi ki, bu gün bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır: “Biz yenə xoşbəxt nəslin nümayəndələriyik. Biz bu gün böyük sevinc yaşayırıq. Torpaqlarımız azad olunub. Bu gün Kaspi liseylərində şəhid ailələrinin övladları oxuyur. Onlar hamısı bizim balalarımızdır. Biz onları göz bəbəyimiz kimi qoruyuruq. Nə yaxşı sizin kimi oğullarımız var! Siz bu torpaq uğrunda vuruşmusunuz, böyük qələbəni bizə bəxş etmişiniz!”.
Liseyin direktoru Rəqsanə Məmmədova qonaqlara təşəkkür etdi: “Şəhid ailələrinə ehtiram, qazilərə hörmət bizim əbədi borcumuzdur. Şəhidlərimizin ruhları, qazilərimizin qəhrəmanlıqları qarşısında baş əyirik”.
Mərasimdə lisey şagirdlərinin hazırladıqları bədii kompozisiyalar, şeir, səhnəcik və rəqs nömrələri təqdim olundu.
Tədbirdə iştirak edən şəhid ailələrinə və qazilərə sertifikatlar və hədiyyələr təqdim edildi.