XƏBƏRLƏR

"Yay məktəbi"ndə əylənərək öyrənmək

Kaspi Liseylərində şagirdlər “Yay məktəbi”nə qoşulublar

Yay tətilinin başlanması ilə valideynlər övladlarının bu dönəmi daha aktiv və səmərəli keçirmələri üçün yollar axtarırlar. Onlar övladlarının dincəlməklə yanaşı, həmçinin bilik və bacarıqlarını inkişaf etdirməsi, sosial fəaliyyətlərə cəlb olunmasında maraqlıdırlar. Yay məktəbi  əylənərək öyrənmək mühitinin təqdim olunduğu, eləcə də uşaqların intellektual və fiziki inkişafı üçün yeni bir imkandır. Dünya təcrübəsində də yay məktəbləri əylənərək öyrənmək, təhsil bacarıqlarının inkişafı baxımından önəmlidir.

Kaspi Liseyləri də ənənəvi “Yay məktəbi”nə start verib. Ağ Şəhər və Bakıxanov filiallarının ibtidai siniflərini, eləcə də yuxarı sinifləri əhatə edən “Yay məktəbi” bir həftə müddətinə planlaşdırılıb.

Ağ Şəhər Liseyinin İbtidai siniflər üzrə direktor müavini Mahirə Hüseynova bildirir ki, “Yay məktəb”i uşaqların inkişafına, dünyagörüşünün, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasına, sosiallaşmasına, özgüvən duyğusunun formalaşmasına və yeni dərs ilinə daha həvəslə başlamalarına xidmət edir: “Yay məktəbi” şagirdlərin tədris prosesində öyrəndikləri nəzəri məlumatların praktiki olaraq həyata keçirilməsi, eyni zamanda, yay tətili dövründə dərsdənkənar təhsil imkanları və əyləncə saatları yaratmaqla intellektual və fəal istiqamətdə formalaşdırılması məqsədi daşıyır”. M.Hüseynovanın verdiyi məlumata görə, “Yay məktəbi” dövründə şagirdlərə gimnastika, ingilis dili, robotika, idman yarışları, musiqi dərsləri, master klasslar, müxtəlif oyunlar keçirilir və onların iştirakı ilə səhnəciklər qurulur. Belə ki, şagirdlər əylənərək öyrənirlər.

Ağ Şəhər Liseyinin rus bölməsi üzrə fənn rəhbəri Lamiyə Əliyeva  “Yay məktəbi”ni şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından səmərəli hesab edir: “Şagirdlərin vaxtlarının səmərəli keçirilməsi baxımından çox faydalı olduğunu düşünürəm.  Müxtəlif mühitdə, keçirilən dərslər şagirdlərə maraqlı gəlir”.

Ağ Şəhər Liseyinin ibtidai sinif müəllimi Nərgiz Bağırova builki yay məktəbinin  daha rəngarəng olduğunu bildirir: “Şagirdlərin tədris ili müddətində əylənməyə o qədər imkanları olmur.  “Yay məktəbi” uşaqların sosiallaşması, ünsiyyəti və bacarıqlarının daha da formalaşması üçün əla fürsətdir. Həmçinin uzunmüddətli pandemiya şəraitindən dolayı yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından da yay məktəbi təşəbbüsü olduqca zəruri bir addımdır”.

Bakıxanov Filialının ibtidai sinif müəllimi Səadət Behbudova da hesab edir ki, “Yay məktəbi” uşaqların asudə vaxtlarının düzgün təşkili, bacarıq yönümlü inkişafları üçün əhəmiyyətlidir: “Fəaliyyət cədvəlinə uyğun olaraq hər günün ayrıca proqramı var. Cədvəl elə tərtib olunub ki, şagirdlərin fiziki və zehni inkişafının balanslaşmasına imkan yaransın. Şagirdlər yay məktəbindən çox məmnundurlar”.

1-ci sinif şagirdi Xədicə İsmayılova deyir ki, “Yay məktəbi”ndə özünə çoxlu dostlar qazanıb: “Biz yay məktəbində əyləniirik, həmçinin yeni biliklər öyrənirik. Yeni dostlarla vaxtımız xoş keçir”.

3-cü sinif şagirdi Rza Qulubəyovun da ən çox xoşuna gələn əylənərək öyrənməkdir: “Şənlənmk mənim xoşuma gəlir. Dostlarımla oynayır, müəllimlərin tapşırıqlarını yerinə yetiririk.  Robotiks dərslərini, ingilis dilini xoşlayıram”.

Qeyd edək ki, İyunun 24-ü liseylərdə “Yay məktəbi”nin sonuncu günüdür.

Kaspi.edu.az

23.06.2022