XƏBƏRLƏR

Kaspi Liseyinin 4-cüləri yuxarı sinif şagirdlərindən estafeti təhvil aldılar

Liseyin 43 şagirdi 5-ci sinfə adladı

“İbtidai siniflə sağollaşırıq. İbtidai sinfə “əlvida” deyirik. 4 il əvvəl gəldik. “Kaspi planeti”nə düşdük. Saymağı, yazmağı, oxumağı öyrəndik”.

Kaspi Təhsil Şirkətinin Bakıxanov filialında 4D sinif şagirdləri ibtidai siniflə vidalaşmalarını “Kaspi planeti” adlı tədbirlə qeyd etdilər. Məktəb rəhbərliyinin, valideyn və şagirdlərin, müəllimlərin iştirakı ilə keçirilən tədbir əsl bayram ovqatı yaşatdı.

2018-ci ildə liseyin birinci sinfinə qədəm qoyan 43 şagird -19 qız, 23 oğlan növbəti tədris ilindən liseyin 5-ci siniflərində təhsillərini davam etdirəcəklər.

Kaspi Təhsil Şirkətinin İdarə heyətinin sədri Sona Vəliyeva müəllim, valideyn və şagirdləri buraxılış sinfi münasibəti ilə təbrik etdi: “Ulu öndər Heydər Əliyev “Mən müəllim peşəsindən şərəfli peşə tanımıram” deyirdi. Həqiqətən də, uşaqların cəsarətli, intellektli böyüməsində müəllimlərin böyük rolu var. Buraxılış sinfinin 43 şagirdi arasında gələcəyin alimi, ixtira sahibləri olacaq. Bu uğuru valideynlərlə əl-ələ tutub qazanmışıq”. 

Kaspi Bakıxanov filialının direktoru Sahil Əliyev övladlarını liseyə əmanət etdikləri üçün valideynlərə təşəkkürünü bildirdi: “Siz bu uşaqları məktəbə əmanət etmisiniz. Onların inkişafı, biliklərə yiyələnməsi üçün biz əlimizdən gələni etməyə çalışdıq. Biz onları sevməyə çalışdıq. Əminəm ki, onlar Vətənimiz üçün nümunəvi və uğurla insanlar olacaqlar”.

Bakıxanov Filialının ibtidai siniflər üzrə direktor müavini Töhfə Miriyeva “Biz Kaspi ailəsi olaraq valideynlərlə birgə işlədik. Bu işbirliyinin müsbət nəticəsi oldu. Bu uşaqların hamısını Kaspi-nin məzunu kimi görmək istəyirik!”-deyə arzusunu ifadə etdi.

“Biz müəllimlər üçün bu duyğusal gündür”-deyə ibtidai sinif müəllimi Leyla Bektaşi qeyd etdi: “ Bu uşaqların ibtidai sinifdə oxuduqları dövr həm pandemiya vaxtına, həm də 1-ci Vətən müharibəsinə təsadüf etdi. Şükür ki, bu çətinlikləri adladıq. Uşaqlar böyük Zəfərimizin sevincini yaşadılar. Bu gün isə 4 il dərs dediyimiz uşaqlardan ayrılıb, onları təhsilin daha yuxarı pilləsinə yola salırıq. Yolunuz açıq olsun!”

İbtidai sinif müəllimi Səadət Behbudova qeyd etdi ki, şagirdlər liseydə təkcə dərs öyrənməyiblər. “Onlar Vətənin nə demək olduğunu öyrəniblər, Milli Qəhrəmanlarımızı tanıyıblar. Yazmağı, oxumağı öyrəniblər. Yuxarı siniflərdə isə onlar biliklərini təkmilləşdirəcək, bacarıqlarını formalaşdıracaqlar. Bütün şagirdlərimizə uğurlar arzulayırıq!”

İbtidai sinfin digər müəllimi Qəmər Qənbərova “Kaspi planeti“ni “Xoşbəxtlik planeti” adlandırdı: “Şagirdlərimiz 5-ci sinfə keçir.  Onlar artıq yeni müəllimlərdən dərs alacaqlar. Onlar “Kaspi” adlı planetdə bir-birlərini sevməyi, müəllimlərinə hörmət etməyi öyrəndilər. Biz onlara həyatda xoşbəxtlik arzulayırıq!”

“Dünyada möcüzələr var. Onlar uşaqlardır. Onlar həyatı möcüzələrlə doldururlar” -deyən uşaqların məktəb, müəllim, Ana və Vətən haqda oxuduqları şeirlər, mahnılar, ifa etdikləri rəqslər görüşə unudulmaz anlar bəxş etdi!

Yolunuz açıq, uğurlarınız bol olsun, əziz şagirdlər!

Kaspi.edu.az

 

 

 

06.06.2022