XƏBƏRLƏR

8-ci Kaspi Təcrübə Proqramı böyük Qələbəmizə həsr olundu

Kaspi Təcrübə Proqramının gənclərə iş töhfəsi

Kaspi Təhsil Şirkəti artıq 8 ildir ki, müxtəlif fənnlər üzrə Təcrübə Proqramı həyata keçirir. Təcrübə Proqramı iş axtarışı zamanı iş təcrübəsinin olmaması və ya az olması səbəbindən çətinliklərlə qarşılaşan tələbə-məzunlara real tədris-təlim mühitində təcrübə qazandırmaq məqsədi daşıyır. Həmçinin proqram Kaspi Təhsil Şirkətinin müvafiq kadrlara olan tələbatını ödəməkdə də rol oynayır. Təcrübəçilər Proqrama qatılmaqla nəzəri biliklərini təcrübəyə çevirmək, peşəkar bacarıqlarını artırmaq imkanı əldə edirlər.

1 noyabr 2021-ci il tarixdə start götürən növbəti Təcrübə Proqramının birinci hissəsinə martın 1-də yekun vurulub. Kaspi Təhsil Şirkətinin filiallarını, bağça və liseylərini əhatə edən Proqramda iştirak hüququ qazanmış şəxslər 3 ay ərzində şirkətin müxtəlif müəssisələrində peşəkar komanda ilə birlikdə iş mühitində və yüksək ixtisaslı müəllimlərin nəzarəti altında təcrübə keçiblər. Proqram iştirakçılarına Təcrübə Proqramının Sertifikatlarının təqdimolunma mərasimində qeyd edildi ki, Proqramda Azərbaycan və rus bölmələri üzrə 42 təcrübəçi iştirak edib. Onlardan 31 nəfəri Proqrama davamlı qatılıb. Proqramı 21 nəfər başa vurub, ikinci hissəyə isə 10 nəfər davam edir. İştirakçılardan 7 nəfər işlə təmin olunub. Təcrübəçilərdən Kaspi TŞ-nin vakant yerlərini qazananlar da var.

Kaspi Təhsil Şirkətinin İnsan Resursları Departamentinin supervayzeri Fatima Səfərova Təcrübə Proqramı haqqında məlumat verdi: “Təcrübə Proqramını ilk dəfə olaraq iki hissəli həyata keçirdik. 3 aylıq Proqram çərçivəsində təcrübəçilər tədbirlər, açıq dərslər, iclaslar, görüşlər və təlimlərdə iştirak etdilər. Bu, onlar üçün böyük təcrübə oldu”. F.Səfərova Proqrama qoşulan gənclərin 3 ay müddətində “Kaspi” ailəsinin bir üzvünə çevrildiyini qeyd etdi: “Bu müddətdə təcrübədən əlavə, iştirak etdiyiniz tədbirlər və təlimlərlə sizə töhfə verməyə çalışdıq. Ümid edirəm ki, buna nail olduq. İş mühitinin içində olmaq fürsəti çox az yaranır. Heç vaxt oxuyub-öyrənməkdən yorulmayın. Zəhmətin sonunda mütləq bəhrə var”.

KTŞ-nin İdarə Heyətinin üzvü Aydın Əliyev “Bu gün ölkəmiz qalib ölkədir. Təcrübə Proqramımızda da bu vacib məqamı əks etdirmək istəmişik. Sertifikatda yer alan Xarıbülbül həm Qələbəmizin, həm də şəhidlərimizin ölməz ruhunun simvoludur. Sevincli haldır ki, siz Təcrübə Proqramının sertifikatlarını Vətən Müharibəsini qalibiyyətlə başa vuran ölkənin vətəndaşları kimi alırsınız” deyə təcrübəçiləri təbrik etdi. A.Əliyev Proqramın 8 ildir ki, davam etdiyini bildirdi: “Bu rəqəm 8 Noyabr Qələbəsinin simvolunu əks etdirir. Eyni zamanda, biz bu rəqəmi “sonsuz işarə” kimi qeyd etmişik. Çünki təcrübə sonsuza qədər davam edir. Biz komanda olaraq bunu böyük Qələbəmizə və Təcrübə Proqramımıza töhvə kimi düşünmüşük”. A.Əliyev gənclərin “Kaspi”nin müəssisələrində əldə etdikləri təcrübənin gələcək fəaliyyətlərində onlar üçün əhəmiyyətli olacağını diqqətə çatdırdı: “Bildiyiniz kimi artıq bir neçə təcrübəçi işlə təmin olunub. Hətta “Kaspi”-nin vakant yerlərinə təcrübəçiləri işlə təmin etmək haqqında düşünürük. Bundan əvvəlki proqramlarda da belə təcrübəmiz olub. Bütün sahələrə iş üçün müraciət edəndə təcrübə istənilir. Kaspi Təhsil Şirkəti sizə təcrübə qazanmaq şansı verdi. Siz də bu şansı doğrultdunuz. İnanıram ki, bu təcrübə uğurlarınıza yol açacaq. Hamınıza uğurlar arzulayıram!”

Kaspi Liseyi Bakıxanov filialının direktoru Sahil Əliyev təcrübəçilərin Proqramda iştirak etdikləri dövrü onların həyatında məhsuldar dövr adlandırdı: “Siz ali məktəbdə əldə etiyiniz nəzəri bilikləri praktikaya çevirmək imkanı qazandınız. Umümiyyətlə, bu, “Kaspi”nin sosial məsuliyyətlilik proqramıdır. Proqram təcrübəsi olmayan və ya çox az olan gənclərə nəzəri bilikləri tətbiq etməyə şərait yaratmaq məqsədi ilə yaranıb. Bu proqrama gənc həmkarlarımızın formalaşdığı yer kimi baxırıq. Bu kimi proqramlarda aktiv olmaq iş istiaqmətinə nə qədər maraqlı olduğunuzu göstərir”. S.Əliyev təcrübəçiləri “Kaspi” müəssisələrinin vakant yerlərində iştirak etməyə dəvət etdi.

KTŞ-nin Filiallar üzrə akademik koordinatoru Rəsul Ağayev müəllim peşəsinin şərəfli olmaqla bərabər, məsuliyyətli olduğunu vurğuladı: “Müəllimlik peşəsinin sirlərini öyrənmək çox vacibdir. Bu gün texnologiyaların bizim həyatımıza müdaxiləsi var. Belə bir zamanda müəllimlik kimi məsuliyyətli işə maraq göstərmək üçün həm də ürəklə çalışmaq lazımdır. Əgər işinizə belə yanaşacaqsızsa, uğur qazanacaqsınız. Biz 3 ay müddətində imkanlarımız daxilində sizi tədris mühiti ilə tanış etməyə çalışdıq. Əminəm ki, bu təcrübə Proqrama qoşulan gənclərə gələcək fəaliyyətlərində uğurlu yol açacaq. Çalışın, daim öyrənmək və öyrətmək həvəsində olun!”

KTŞ-nin Məktəbəqədər KİDS üzrə akademik koordinatoru Aytəkin Şirinzadə “İşinizi sevərək görün”- deyə təcrübəçilərə uğurlar arzuladı: “Əminəm ki, Təcrübə Proqramı hər bir iştirakçının həyatında böyük rol oynayacaq. Proqram çərçivəsində qazandığınız təcrübə gələcək əmək fəaliyyətinizdə sizə kömək edəcək. Siz artıq ilkin təcrübəni qazanmısız. Əmək fəaliyyətiniz isə bu təcrübəni daha da təkmilləşdirəcək. Yolunuz uğurlu olsun!” 

İnsan Resursları Departamentinin rəhbəri Xalidə İsayeva təcrübəçilərin Proqramda iştirakını yüksək dəyərləndirdi: “Bugünkü gəncliyə nəyi öyrətməliyik?”- deyə daim həmkarlarımızla düşünürük. Hazırkı gənclik bizi ölkə olaraq təmsil edəcək bir gəncliyə çevrilməlidir. Böyük Zəfərimizdən sonra bizi dünyada təmsil edəcək bir nəsil yetişdirməliyik. Bu işin bir hissəsi bizim üzərimizə düşsə də, bir hissəsi yaxın illərdə sizin üzərinizə düşür. Bu baxımdan, Təcrübə Proqramını təşkil etmək bizim üçün əhəmiyyətlidir”. 

Təcrübə Proqramının iştirakçıları ürək sözlərini kaspi.edu.az-a bölüşdülər. Gənclər 3 ay müddətində əldə etdikləri təcrübəyə görə minnətdarlıqlarını ifadə etdilər.

Musiqi fənni üzrə təcrübə keçən Günel Binnətli qazandığı təcrübəyə görə Proqramda zəhməti keçən hər kəsə təşəkkür etdi: “Mən Proqram çərçivəsində sinifdə dərsi idarə etməyi, şagirdlərlə ünsiyyət qurmağı öyrəndim. Məsuliyyət hissim artdı. Hesab edirəm ki, Proqramda iştirakım zamanı əldə etdiyim təcrübə faydalı olacaq”.

Təcrübəçi Səmərqə Əlizadə də sevincini bölüşdü: “Proqram zamanı universitetdə öyrəndiyim nəzəriyyəni tətbiq etməyi öyrəndim. Sinfin təşkili, uşaqlarla ünsiyyətin qurulması müəllimliyi peşə seçənlər üçün çox vacibdir. Əminəm ki, öyrəndiyim təcrübə gələcəkdə mənə kömək edəcək”.

Təcrübəçi Yeganə Əliyeva qeyd etdi ki, təcrübə müddətində iclaslarda, tədbirlərdə iştirakı və təlimlər onun təcrübəsinin zənginləşməsinə kömək edib: “Təcrübə bütün məzunlar üçün önəmlidir. Bu bizi gələcək işimizə hazırlayır. Biz bu yolun astanasındayıq. İnanıram ki, Kaspi-də əldə etdiyimiz təcrübə də həyatımızda rol oynayacaq”.

Təcrübə Proqramını uğurla başa vuranlara sonda Kaspi Təhsil Şirkəti tərəfindən Sertifikatlar verildi.

Kaspi Təhsil Şirkəti olaraq Təcrübə Proqramında iştirak edən təcrübəçiləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

01.04.2022