XƏBƏRLƏR

İlaxır çərşənbəniz mübarək!

Kaspi Liseyi İlaxır çərşənbəni qeyd etdi

Bu gün Azərbaycanda Novruz çərşənbələrinin sonuncusu - İlaxır çərşənbə qeyd olunur. İlaxır çərşənbə həm də Torpaq çərşənbəsi adlanır. Sudan, havadan, günəşdən sonra bar-bəhərin, bərəkətin anası torpaq oyanır.

Azərbaycanın təhsil müəssisələri də baharın gəlişini  müxtəlif tədbirlərlə qeyd edir.

Kaspi Liseyinin Ağ Şəhər Filialında keçirilən “İlaxır çərşənbə” tədbiri məktəbin müəllim və şagird kollektivini bir araya topladı. Müxtəlif sinif şagirdlərinin hazırladıqları əl işləri, bahar xonçaları,  məktəbin foyesində düzənlənən sərgini bəzədi. Sərginin əsas məqsədi həm də şagirdləri türk dünyasının bayramı olan Novruz bayramı barədə məlumatlandırmaq, onları milli dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncəni gücləndirməkdir.

Novruz bayramının qəhrəmanları olan Kosa ilə Keçəlin gəlişi şagirdlərə fərqli bir ovqat yaşatdı.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva şagirdlərə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, çərşənbələrin mahiyyəti, Novruz atributları haqqında məlumat verərək tədbir iştirakçılarını təbrik etdi: “Novruz bayramı elimizə-obamıza əmin-amanlıq gətirsin. Süfrələrdə bolluq-bərəkət olsun. Üzünüz həmişə gülsün. İlaxır çərşənbəniz, qarşıdan gələn Novruz bayramınız mübarək olsun!”

Şagirdlər tədbirdə Novruz bayramına, çərşənbələrə həsr olunan şeirlər söylədilər, mahnılar ifa etdilər.

İlaxır çərşənbəniz mübarək!

15.03.2022