Qoy bu gün şeirimi Anamdan yazım...
Kaspi Ağ Şəhər Liseyi “Azərbaycan qadını” adlı tədbir keçirdi
"Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsində öz sanballı töhfələrini veriblər.Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb”. 8 Mart Qadınlar bayramı ərəfəsində Kaspi Liseyində hazırlanan silsilə tədbirlər sırasında Ağ Şəhər Liseyinin şagirdlərinin “Azərbaycan qadını“ adlı tədbiri yaz çiçəkləri qədər ətirli və füsünkar təsir bağışladı. Lisey şagirdlərinin dilindən “Qadın ən gözəl mənzumələrin qafiyəsidir”, “Qadın namus,vüqar və iffət xəzinəsidir”, “Qadın fəzilət və sadaqət qaynağıdır”, “Dünayadakı bütün gözəllərdən daha gözəl”, “Ən bacarıqlı həkimdən daha şəfqətli”, “Ürəyi dünyamız qədər geniş, sevgisi ümmanlar qədər sonsuz” ifadələrinin səslənməsi isə qadınlarımıza sevginin təcəssümünə çevrildi.
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva qeyd etdi ki, iradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır: “Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. Bu mənada təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir. Lazım gəldikdə Azərbaycan qadını düşmənə qarşı cəbhədə də böyük mətanətlə vuraşaraq rəşadətlər göstərib, yağıya qan uddurub, haqqında qəhrəmanlıq salnaməsi yaradıb. Buna görədir ki, tariximizin hər səhifəsi qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir”. S.Vəliyeva qeyd etdi ki, bütün zamanlarda cəmiyyətimizdə daim qadına böyük hörmət və ehtiram göstərilib, dünyaya həyat bəxş edən ana adı uca tutulub: “Bu, Azərbaycan mentalitetinin, milli-mənəvi, mədəni dəyərlər sisteminin ayrılmaz və həmişəyaşar bir hissəsinə çevrilib. Dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sahələrdə öz sözünü deməkdədir”. S.Vəliyeva qadınlarımızı təbrik edərək ailə səadəri, ocaqlarına ruzi-bərəkət və xoşbəxtlik arzuladı.
Liseyin direktoru Səbinə Əliyeva 8 Mart bayramı münasibəti ilə bütün Qadınları, xüsusən şəhid analarını təbrik etdi.
Liseyin psixoloqu Leyla Abduləzimova valideynlərə üz tutaraq: “Övladlarımıza sərf etdiyimiz vaxt daha çox olmalıdır. Valideyn uşağına ayrıdığı vaxtı tənzimləməlidir. Təcrübələr göstərir ki, uşaqları ilə daha çox vaxt keçirən valideynlərin övladları daha uğurlu olurlar”- deyə qeyd etdi.
Şagirdlər analarına, ümumən qadınlarımıza sevgi və hörmətlərini Azərbaycan, rus və ingilis dillərində söylədikləri şeirlər, oxuduqları nəğmələr, “Ana” kompozisiyası və səhnəciklərlə təqdim etdilər.
Liseyin Musiqi Məktəbinin şagirdlərinin ifa etdikləri mahnılar, “Rəqs” dərnəyinin şagirdlərinın çıxışları hazırlanan proqramın rəngarəngliyini ifadə etdi.
Bayramınız mübarək, əziz Qadınlar!
kaspi.edu.az