"Mənim anam – möcüzədir"
Kaspi Liseyinin Bakıxanov Filialı 8 Mart Gününə həsr olunan tədbir keçiridi
“Mənim anam möcüzədir”, “Mənim anam ürəyimdir”, “Mənim anam şəkərdir”, Mənim anam səadətimdir”, “Mənim anam gözümün işığıdır”... Qadınlara, başımızın tacı olan Analara sevgini bundan artıq hansı sözlərlə ifadə etmək olar? Xüsusən bu sözlər onların hələ yetkinlik yaşına çatmayan uşaqlarının dilindən səslənirsə...
Kaspi Liseyinin Bakıxanov filialında Qadınlar bayramına həsr olunan “Ailənin günəşi - Ana” tədbiri 8 Mart Gününə ən gözəl hədiyyə oldu.
Məktəb valideynlərinin, müəllim heyətinin, şəhid analaranın iştirak ilə keçirilən tədbir həm də valideynlərin yaxın iştirakı ilə yadda qaldı.
Kaspi Təhsil Şirkətinin İdarə heyətinin sədri Sona Vəliyeva qeyd etdi ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub: “Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib”. S.Vəliyeva valideynlərə səslənərək: “Sizin vəzifəniz övladlarınınzın tərbiyəsi ilə məşğul olmaq, onları Vətənə məhəbbət ruhunda, milli dəyərlərə sevgi aşılamaqla böyütmək, evinin xanımı olmaqdır. Kaspi Təhsil Şirkəti də bu müqəddəs işdə sizin yanınızdadır”. “Valideynlərlə üz-üzə görmək sevindirici oldu”- deyə Liseyin direktoru Sahil Əliyev Anaları təbrik etdi: “Məqsədimiz bizə əmanət etdiyiniz övladlarınızın təhsilinə və tərbiyəsinə töhfə verməkdir”.
İbtidai siniflər üzrə direktör müavini Töhfə Miriyeva da valideynləri təbrik edərək canlı tədbirlər üçün darıxdıqlarını qeyd etdi.
Tədbirin bədii hissəsində şagirdlərin təqdim etdiyi “İdmançı ana”, “Həkim ana” səhnəcikləri maraqla qarşılandı. “Qəhrəman anası” səhnəciyi isə tədbirə dəvət alan şəhid analarının və xanımlarının ünvanına ən böyük hörmətin ifadəsi oldu.
Məktəbin xor kollektivinin ifasında oxunan mahnılar, şagirdlərin ifasında Analar haqqında səslənən şeirlər, ifa edilən rəqslər, uşaqların videoçarxlarda yer alan ürək sözləri maraqla qarşılandı.
Tədbirin özəlliyi həm də anaların öz övladları ilə səhnəni bölüşmələri oldu. Onlarla birgə səhnədə olmaları, analarının dəstəyini hiss etmələri şagirdləri daha da həvəsləndirdi. Valideynlərin öz uşaqları ilə Azərbaycan, türk, rus və ingilis dillərində oxuduqları mahnılar bayram tədbirinə ayrıca ovqat qatdı.
Kaspi Təhsil Şirkəti olaraq 8 Mart Qadınlar bayramı münasibəti ilə bütün Qadınlarımızı təbrik edirik!
Kaspi.edu.az